Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Yeganə: “Qayınatam “Baba holding” inşaat sektorunun prezidentidir”

 tərəfindən  5 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Yeganə Mürsəlova 1981-ci il sentyabrın 3-də Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıtda alan Yeganə 1998-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinə daxil olub. Ali təhsilini başa çatdıran kimi, yəni 2002-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. Hazırda iş fəaliyyətini Türkiyədə davam etdirir.

Evlenirik.Biz müğənni Yeganə Mürsəlovanın toy öncəsi “Aysel” dərgisinə müsahibəsini nəzərinizə çatdırır.

Aysel: Toyunuz olacağı haqqında yanlış xəbərlər ötən ilin yay aylarından yazılır. Mətbuat yalan yazır, ya siz yalan danışırsınız?
Y.M.: Mən heç zaman mətbuata şəxsi həyatım barədə danışmamışam. Sadəcə bildirmişəm ki, istədiyim insan var. Ailə qurmaq qərarına iki il bundan əvvəl gəlmişik. Amma atamın vəfatı, ailələrdəki müxtəlif problemlər, işlərimin çoxluğu səbəbindən toyumuz gecikdi.

-Elə isə həyat yoldaşınız barədə məlumat verərdiniz.
-Fatih Akbudak Türkiyə vətəndaşıdır, məndən iki yaş böyükdür, inşaat sektorunda işləyir. Türkiyədə tanış olmuşuq. Səmimi, sənəti sevən adamdır. Onunla qonşuyuq, mənim azərbaycanlı olduğumu bilirdi, amma sənətçi olduğumu bilmirdi. Haqqımda ilk dəfə internetdə oxumuşdu. Təsadüfən həyətdə üz-üzə gəldik. Tanışlığımız belə başladı.

-Evlənmə təklifini necə aldınız?
-Gülməli oldu. O mənə evlilik təklif edəndə düşünmədən “yox” dedim. Amma bir neçə saniyə keçəndən sonra “hə” cavabı verdim. Əvvəlcə onunla dost münasibətlərində idik, 8-9 aydan sonra mənə ürəyini açdı.

-Toydan sonra qalacağınız şəxsi eviniz varmı?
-Evi qayınatam bağışlayıb. Onların adətinə görə, qız yalnız mətbəx əşyalarını gətirir. Amma mən qayınanama dedim ki, madam evi siz hədiyyə etdiniz, içini də mən bəzəyəcəyəm. Mebellərimi özüm aldım. Bircə uşaq otağını bəzəmədik, dedilər düşər-düşməzi olar.

-Müsahibələrinizin birində qeyd etmişdiniz ki, ana olmaq istədiyim üçün ailə quracağam. Bu nə dərəcədə doğrudur?
-Yox, elə bir şey deməmişəm. Amma ailə qurmağımın əsas səbəbi arxamda bir kişinin olmasını istəməyimdir. Çünki bizim aləm çox çirkab aləmdir. Sənin arxanca nə qədər söz-söhbətlər gəzir. Atam infarktdan dünyasını dəyişib. Onun yoxluğunu hər zaman hiss edirəm.

-Ailəniz seçiminizi necə qarşıladı?
-Məncə, atam sağ olsaydı, bu evliliyə qətiyyən razılıq verməzdi. Fatih çox istiqanlı insandır, bəlkə də o, istədiyinə nail olardı. Mən Türkiyə layihəsinə imza atandan 2 ay sonra atam dünyasını dəyişdi. Atam mənə çox bağlı insan idi. Məndən çox narahat idi: nə yedim, nə elədim. İstəmirdi ki, gözündən uzaqda olum. Bəlkə buna görə icazə verməzdi.

-Bəs qarşı tərəf sənətçi, həm də xarici gəlinə necə reaksiya göstərdi?
-Əvvəldə qayınanam bir az narazı idi, sənətçi xanım olduğumdan. O, ümumiyyətlə, gəlininin işləməməsini istəyir. Özü hicablıdır, bir az küsəyən qadındır. İncikliyini də ağlamaqla büruzə verir. Amma Fatihin sözü möhkəm oldu, evdə keçərli oldu ki, qayınanamı yola gətirdi. Amma bu asan olmadı. Qayınatam “Baba holding” inşaat sektorunun prezidentidir, musiqini çox sevir.

-Bəlkə siz də gələcəkdə bu şirkətdə çalışasınız?
-Qətiyyən. Çünki yazı-pozu işlərini sevmirəm. Bir də mesaj yazmağı bacarmıram.

-Belə çıxır ki, sevgi mesajı yazmamısınz?
-Bir dəfə yazmışam, o da bir ay əvvəl. Küsmüşdük, onun zənginə cavab vermədim, o da mənimkinə. Məcburən 10 dəqiqəyə mesaj yazmağı öyrəndim. Sonra nişanlım mənə zəng edib dedi ki, sevgi mesajını kiməsə yazdırmağa utanmırsan? Mən isə özüm yazdığımı etiraf elədim.

-Nikah haqqında müqavilə bağlamağı düşünmürsünüz ki?
-Bu, Türkiyədə dəb halını alıb. Uzaqgörənliyim yoxdur, hər şeyə risk edib gedirəm. Şəxsən mən nikah müqaviləsini imzalamağa utanaram. Həm də ailədə elə o andan inamsızlıq başlayar.

-Gəlinlik seçimində çox tərəddüd etdiniz?
-Gəlinliyimi tikdirmişəm. Hətta Türkiyədəki kliplərimdə, efirə geyindiyim paltarlarımın əksəriyyətini yerli dərzilər tikiblər. Hər iki toy üçün gəlinliyimi tikdirmək fikrim var idi. Amma oğlan toyunda geyinəcəyim paltarı qayınanam alıb. Toylarda çox olduğumuz üçün biz sənətçilər hər gəlindən bir şey götürürük. Amma ətəyi enli, gen olan gəlinliklərdən xoşum gəlmir. Ona görə mənimki sadə bir paltardır. Fransız gipüründəndir, fatam uzundur.

-Mətbəxlə aranız necədir?
-Binamızın altında restoranlar var, sifariş verən kimi gətirirlər (gülür-red.). Bu zarafatdır. Bişir-düşürlə aram çox yaxşıdır, hətta mənim üçün evdə ayrılan xanımı mətbəxə girməyə qoymuram. Başqa adamın bişirdiyi xörəyi yeyə bilmirəm. Bu o demək deyil ki, restoranlarda heç nə yemirəm. Yox, sadəcə, öz mətbəximdə kiminsə qabımı yumasını, bişirməsini istəmirəm. Bütün yeməkləri bişirməyi də bacarıram, halvadan tutmuş plova qədər. Buna görə də anama minnətdaram.

-Türkiyədə əməliyyat olunduğunuzu eşitdik, nə olmuşdu?
-Kor bağırsağımdan əməliyyat olundum. Bağırsaq partlayıb çirk yayıldığı üçün məcburən ikinci əməliyyata girməli oldum. Bakıda heç kimə xəbər vermədim. Çünki valideynlərim əməliyyatdan üç gün əvvəl mənim yanımda idilər. Amma deyirlər, ana ürəyi hiss edən olar. O səhər evə zəng edəndə mənzildə çalışan xanım anama bu xəbəri verdi. Əməliyyatdan iki gün sonra TRT 1 kanalında qonaq oldum. Buna məcbur idim, çünki bir həftə əvvəl anonslar gedirdi. Səhnədə oxuyanda qarın nahiyəm al-qana büründü. Veriliş yarıda kəsildi, məni təcili yardımla xəstəxanaya apardılar. Həkimlər çox təəccübləndilər ki, lazer əməliyyatında qanama milyondabir baş verə bilər.

-Toyunuzda nə kimi sürprizlər olacaq?
-Qonaqlarım qohum-əqrəba və sənət dostlarımdır. Hər şeyi sadə etmək istəyirəm. Qoy az adam olsun, amma ürəklə əylənsin, yəni biri oynayanda o birinə dəyməsin. Oğlan evindən nümayəndə az olacaq. Xınayaxdım Türkiyədə keçiriləcək. Rəfiqələrim inciyirlər ki, biz də xınayaxdıda olmaq istəyirik. Fikirləşirəm ki, bəlkə burada qızlar hamamına gedək. Bal ayına gedəcəyimiz yer də mənə sürpriz olacaq. Fatihə toyda sürpriz olaraq mahnı oxuyacağam, Selami Şahinin “Gitme kal” mahnısını.

-Bəs sizi oğlan toyunda nə kimi sürprizlər gözləyir?
-Oradakı toy hazırlıqlarına heç müdaxilə etməmişəm. Nişanlım istəyir ki, hər şey mənə sürpriz olsun. Bircə qonaqlara paylanacaq konfetləri qayınanamla bərabər seçmişik: xanımlara xına, bəylərə əl yaylığı, yaşlı qonaqlara qəlyan və s. almışıq.

-İlk dəfə “sevirəm” sözünü nə zaman demisiniz?
-Hələ deməmişəm. Bəlkə toyda deyərəm, bu da sürpriz olsun.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.