Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Mübariz Tağıyev müəlliminə niyə əl qaldırıb?

 tərəfindən  1 November, 2010 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

– Uşaqlıq ömrün dönə-dönə, məmnun-məmnun anılan, xatırlanmaqdan doyulmayan illəridir. Mənim üçün isə bir anlıq da olsa, o illərə qayıtmaq çətindir. Amma necə olur-olsun, yada düşür. Elə dünən məktəb dostlarımdan birini gördüm. İstər-istəməz xəyalən də olsa o illərə qayıtdıq. İkimizin də eyni daxili ağrısı var: kaş bir anlıq o yerlərə dönəydik, baxaydıq, görəydik doğulduğumuz ata evimiz, təhsil aldığımız həmin orta məktəb dururmu?

İnsan harda doğulub-böyüyürsə, ora ilk beşiyi, əzəli yurdudur. O yerlərə əlin çatmayanda, ağrılı hisslər keçirirsən. Mən dünyaya qürbətdə göz açmamışdım. İrəvan şəhəri bizim qədim torpaqlarımızdandır. Əslim-nəslim yerli-dibli irəvanlıdır. Ata-baba evim, doğma ocağım İrəvandaydı. Küçəmizin adı sonradan dəyişdirilmişdi. Ev ünvanımız belə olmuşdu: Marat küçəsi – 14. Orada mənim təkrarsız dünyam, uşaqlıq həyatım qalıb.

Ata-anamın üç oğlu, bir qızı olub. Böyük qardaşım Mübariz çox gənc yaşında vəfat edib. O vaxt mən hələ dünyaya gəlməmişdim. 1948-ci ilin 31 yanvarında anadan olmuşam. Ömrü qısa olan böyük qardaşımın adını mənə qoyublar. Beləcə, Mübariz olmuşam. Ailəmizin sonbeşiyiydim. Bacım və qardaşımla aramda xeyli yaş fərqi var idi.

– Ata-ananız hansı sənət sahibi idilər?
– Anam Rübabə Babayeva (qızlıq soyadını dəyişməmişdi) jurnalistiydi. Uzun illər “Sovet Ermənistanı” qəzetində işləyib. Sonra rayon radiosunda redaktor vəzifəsində çalışıb. Bizim azərbaycanlıların birsaatlıq efir vaxtımız var idi. Ora üçün Azərbaycan dilində verilişlər hazırlayırdılar. 1970-ci illərdə anam Ermənistan Ali Sovetində azsaylı xalqlarla bağlı şöbədə işlədi. Atam sürücüydü. Eyni vaxtda incəsənətlə, musiqiylə məşğuluydu. Ermənistanlılar onu çox yaxşı tanıyırlar. Adına kamançaçalan Hüseyn deyirdilər.

– Həvəskarıydı?
– Yox, həvəskar deyildi. Peşəkar kamançaçalanıydı. İrəvan Teatrının fəaliyyətinin başlancığından orada olub. O vaxtlar həmin teatrda hazırlanan “Hacı Qara”, “Arşın mal alan” və digər tamaşaların musiqi hissəsini üçlük müşayiət edib. Atam da həmin üçlüyün üzvü kimi öz kamançasıyla tamaşalarda iştirak edib. O, olduqca maraqlı adamıydı. Müharibdə iştirak eləmiş, Berlinədək döyüş yolu keçmişdi…

– Bəs evdən kənarda sizi necə bir mühit əhatə edirdi?
– İrəvanda vaxtı ilə ermənilərin sayı azərbaycanlılarla müqayisədə çox az olub. Mən uşaq olanda da İrəvanın hər yerində azərbaycanlılar yaşayırdılar. Elə məhəllələr var idi ki, orda ümumiyyətlə erməni yox idi.
Uşaqlığımdan yadımdan qalan, aydın xatırladığım belə an olub. Həyətimizdən çıxırıq. İrəvandakı başqa yaşlı azərbaycanlı qadınlar kimi o da çarşaba bürünüb. Olduqca dindar olan bu qadın yenə məscidə gedir. Maraqlı arxitekturaya malik qədim tikiliyə çatırıq. Bura Göy məsciddir. Nənəmlə içəri keçirik. Məsciddə məni böyüklüyüylə təəccübləndirən samovar var. Elə hündürdür ki… Təsəvvürümə görə, ona su tökmək üçün pilləkən qoyulmalıdır…

Sonralar təhsil aldığım orta məktəb Göy məscidin yaxınlığındaydı. Biz səkkizinci-doqquzuncu siniflərdə oxuyanda söz yayıldı ki, həmin məscidi söküb yerində bağ salacaqlar. Layihəsini də gətirib asdılar. Bir müddət sonra məscidin yaxınlığında Andranikin heykəli qoyuldu. 1960-cı illərin axırında məscidi sökdülər.

– Azərbaycanlılar buna etiraz etmədilər?
– Etiraz etdilər. Ancaq kim idi onların etirazını eşidən. Dedilər, burada bağ salınmalıdır.

– Belə demək olar ki, sizin uşaqlığınız Vətən içərisində qürbətdə keçib?
– O vaxtlar bunu dərk etmirdim. Hara baxırdımsa, soydaşlarımızı görürdüm. Ancaq yadımdadır, anamın bir məqaləsindən sonra bizim evin yanında milis işçiləri dayanırdılar. Sonralar bunun səbəbi mənə bəlli oldu: ermənilərin tanınmış adamlarından biri tribunadan deyib: “Eyni türkdürlər, nə azərbaycanlı-azərbaycanlı salmısınız”. Anam ona qəzet vasitəsilə cavab verib: “Xalqlar arasında niyə belə zəhər yağdırırsınız?”. Söz-söhbət yuxarılaradək gedib-çıxıb…

Balacalıqda yadlar arasında olduğumuzu həm də ona görə hiss etmirdim ki, hər yerdə – evdə, küçədə doğma dilimizdə danışırdılar. Əhatəmdə olan uşaqlar məni heç vaxt sıxışdırmayıblar. Əksinə, mən o vaxtlar şuluquydum. Bütün küçəyə qan uddururdum. Divarların, ağacların üstündə gəzirdim. Ata-anama mənim barəmdə şikayətlər gəlirdi.

– Bəs məktəbdə vəziyyət necə idi?
– İdmanla məşğul olmağa başladım, üzgüçülüyə getdim. İdman mənim əl-qolumu bir qədər yığdı. Çünki idmançı dəqiq, hövsələli olmalı, müəyyən qayda-qanunlara riayət etməlidir. Sonra musiqiyə meyil başladı…

– İdmana, musiqiyə sizi valideynləriniz yönəldirdi, yoxsa bunlar öz arzularınızıydı?
– Öz arzularımıydı. Musiqiyə maraq qandan gəlirdi. Atam musiqiçiydi. Evimizə gəlib-gedənlər çoxuydu. Onların arasında yaxşı musiqiçilər, sənət adamları var idi. Musiqiyə olan istəyimin üzə çıxması maraqlı oldu. Bir dəfə hərarətim yüksəldi. Qızdırma içərisində səhərədək oxumuşam. Nənəm lap həyəcanlanıb: “Uşağa nə oldu, tez olun, həkim çağırın”, – deyib. Həkim gəlib. Nənəm onun qərarıyla razılaşmayıb, deyib ki, bunlar bisavaddırlar, heç nə başa düşmürlər. Qızdırmam yavaş-yavaş keçib. Sonra qonşumuz mənim oxumağımı yadına salıb deyirdi: “Oxumaq da var, oxumaq da… Mübariz səhərədək elə oxuyub”. Elə hər şey oradan başlandı. Amma müğənni olmaq arzum yox idi. İdman vaxtımı çox alırdı. Sözün düzü, heç məktəbdə oxumağa da vaxt yox idi.

– Vaxt yox idi, yoxsa həvəs?
– Yəni, meyil bu tərəfə – idmanaydı. Oxumaq ikinci, üçüncü planda qalmışdı. Üzgüçü kimi yarışlara gedir, qalib gəlirdim. Divarlardan fəxri fərmanlarım asılırdı. Bacım oxuduğum orta məktəbin müəlliməsiydi. Mənə də dərs deyirdi. Mənə qarşı olan iradlar bacıma ünvanlanırdı, deyirdilər ki, balam, bu bir balaca oxumalıdır da. Amma əlaçı olmasam da, yaddaşım yaxşıydı.

– İdmandakı uğurlarınıza görə məktəbdəki oğlan tay-tuşlarınız yəqin sizə həsəd aparırdılar. Bəs qızların münasibəti necəydi?
– Qızların münasibəti də əlaydı. Mənə elə gəlir əlaydı…

– Bəs məktəbdə musiqiyə marağınızı, yaxşı səsiniz olduğunu bilirdilər?
– Bilirdilər. Bu sahədə də fəaliyyətim var idi. Məktəbdə dərnəyə gedir, oxuyurdum. Ünsiyyətdə olduğum uşaqlar arasında musiqi məktəbində təhsil alanlar da çoxuydu.

– Musiqiyə olan istəyiniz nə vaxt idmana olan marağınızdan önə çıxmağa başladı?
– Dediyim kimi, müğənni olmaq barədə düşünmürdüm. İdmançı kimi uğur qazanırdım. 1962-ci ildə gənclərin Ümumittifaq spartakiadasında iştirak etdim. Qalib gəldim. Artıq hazırlıq buna gedirdi: mən peşəkar üzgüçüyəm, bu sahədə fəaliyyətimi davam etdirəcəyəm. Üç ildən sonra idman ustası kimi imtahan verdim. İdman İnstitutuna qəbul edildim. Həmin məktəbdə Azərbaycan dilində heç bir fakültə yox idi.

– Erməni dilini öyrənmişdiniz?
– Erməni dilini mən çox yaxşı bilirdim. Ancaq hərflərini öyrənə bilmədim. Ola bilər, buna istək yox idi. İnstitutda mühazirəni müəllimlərimiz erməni dilində deyir, mən Azərbaycan hərfləriylə yazırdım. Gülməliydi. Yan-yörəm idmançılarıydı. Onlar hər şeyi bilirdilər. Zarafat eləyə-eləyə gəlib çıxdım ikinci kursa. O vaxt xoşagəlməz hadisə oldu. Bütün zaçotları verdim. Psixologiya müəllimi inad edirdi ki, mən qiymət yazmayacağam. Dərsdə mübahisəmiz düşdü. Ona cavab verdim: “İndiyədək bu institutda on bir dəfə məni imtahana buraxıblar. Siz isə qiymət vermirsiniz. Bu nə deməkdir? Yəni mən üç qiymətə də cavab vermirəm?”.
Müəllimlə aramızda açıq söhbət başladı. O, çəkinmədən dedi:

– İş onda deyil. Sən türksən. Ona görə…
Sözün düzü, həmin məqamadək o qədər də ayrı-seçkilik salmırdım. Sanki yuxudan ayıldım. Soruşdum:
– Türk? Hə, nə olsun türk olanda? Bunun məsələyə nə aidiyyəti var?
– Yox, sizin kökünüz…

Müəllim başladı özləri üçün uydurduqları saxta dərdlərini çözələməyə. Söhbətimiz uzanırdı. Mən haldan-hala düşürdüm. Yəqin, o, daxilimdə gedən təlatümü duyurdu. Gözlərimə baxa-baxa irəli yeridi. Sonralar o anları yadıma salanda başa düşdüm ki, onda bu, erməni müəllimə lazımıydı. İndi bəlkə bunu daha tez anlayar, cavabını daha təmkinlə verərəm. Amma onda gənciydim. Müəllim yaxınlığımda dayanıb, düz gözlərimin içinə baxırdı. Mənim hövsələmi tükəndirdiyini gülə-gülə seyr edib deyirdi:

– Sən bil! Mən sənə qiymət yazmayacağam! İstəyir lap göydən Allah gəlsin!
Onun gülüşdolu üzündə, gözlərində, hərəkətlərində təhrikedici ifadə var idi. Əlim necə irəli getdisə, müəllimi sifətiqarışıq haqladı. Zərbədən müvazinətini saxlaya bilməyən müəllim arxasıüstə getdi, divara dəydi, başı-gözü əzildi. Bu hadisə qalmaqala səbəb oldu. Başladılar ki, bu xuliqanlıqdır, gərək institutdan çıxaraq. Əgər o illərdə anam Ali Sovetdə işləməsəydi, bu məsələ başqa cür həll oluna bilərdi.

– Həbs oluna bilərdiniz?
– Bəli. Həbs oluna bilərdim. Fakt bu idi: tələbə müəllimə əl qaldırıb. Daha araşdıran yox idi ki, tələbə niyə belə hərəkət edib? Onu müəllimi vurmağa nə vadar edib? Anam Ali Sovetdə olduğuna görə, məsələni belə həll etdilər; sənədlərimi hazırladılar, bir neçə imtahan verib Pedaqoji İnstituta keçdim. Məndən qabaq, bacımla qardaşım da həmin məktəbi bitirmişdilər. Orada fakültələr erməni dilindəydi. Təkcə filologiya, bir də ibtidai sinif müəllimliyi həm də Azərbaycan dilindəydi.

– Siz hansı fakültəni seçdiniz?
– Filologiya fakültəsindəydim. Sonra gördüm çətinliklər var, keçdim, ibtidai sinif müəllimliyinə. İndi bunu etiraf edirəm, məndən müəllim çıxmazdı. Beynimdə nə desəniz var idi, müəllimlikdən başqa… Ona görə övladlarıma da deyirəm, sənəti sevərək oxuyub-öyrənmək lazımdır.

O vaxtlar konservatoriyaya daxil olmaq fikrim yox idi. Amma musiqiylə bağlıydım. Səsim olduğunu bilirdilər. Müxtəlif qruplara dəvət olunurdum. Mən 8-9-cu siniflərdə oxuyanda rok qrup yarandı. Bəzi çətinliklər oldu. Qrup yaradıldı, dağıldı. Sonra yenə yaradıldı, bir konsert verdik. Yenə dağıldı. Sonra başladı… Çox gurultulu başladı… 1969-1970-ci illəriydi. Qrupun üzvləri arasında məndən başqa azərbaycanlı yoxuydu. Tədbirlərdə oxuyurdum. Səs diapazonum genişiydi. İfamda sərtlik, güc, təzyiq var idi.

Rok qrupu şəhərdə böyük populyarlıq qazandı. Bizim stadionlarda verdiyimiz konsertlər ermənistanlıların indi də yadındadır. Azərbaycanda şou-biznes indi-indi yaranır. Bu sahədən pul əldə etməyə başlayıblar. İrəvanda bu proses bir qədər tez, Sovetlər vaxtı başlanmışdı. Amerikadan gətirilmiş o vaxtlar üçün çox qiymətli avadanlıqlarla işləyirdik. Əynimizdə dəri geyim, gözlərimizdə eynək olurdu. O vaxtlar “Btliz” kimi şöhrətli qruplar var idi. Onların coşğun pərəstişkarları konsertlərdə nələr eləmirdilər. Bizim tamaşaçılar o cür pərəstişkarlıq eləmək istəyir, onlar kimi qışqırırdılar. Dəhşətli dönəmiydi… Konsertlərin birində kədərli hadisə baş verdi. Milis işçiləri öz işlərini görə, tamaşaçı axınının, coşğunluğunun qarşısını ala bilmədilər. Ayaq altında uşaq qalıb öldü. Bundan sonra rok qrupunu ləğv elədilər.

Aradan yarım ilədək vaxt keçdi. Qrupun keçmiş solistlərindən üç nəfəri müsabiqədə iştirak etdi. Mən də onların arasındaydım. Ermənistan dövlət estrada orkestrinin bədii rəhbəri Konsentan Olberyanın mahnısını oxudum. Tamaşaçıların alqışları kəsilmək bilmirdi. Məni səhnəyə çağırdılar. Bir də oxudum. Müsabiqədən sonra mahnının müəllifi məni öz kollektivlərinə dəvət etdi. Onda institutun üçüncü kursunda oxuyurdum. Qiyabi şöbəyə keçdim. Orkestrə getdim. Məni əvvəllər səhnəyə buraxmırdılar, repertuarımı zənginləşdirdim. Bir il belə keçdi. Moskvaya getdik. Orada solistlərdən iki nəfər xəstələndi. Orkestrin rəhbəri mənə dedi ki, məqamdır, çıx səhnəyə, oxu. Çıxdım. Qarşıya baxdım. Elə bil, məni atdılar okeanın ortasına. Geniş salon… Tamaşaçıların sonu görünmür… Həyəcandan səsim titrəyirdi. Birinci mahnını pis hala qoydum. İkinci mahnıda həyəcanım səngidi. Üçüncü mahnı yaxşı səsləndi. Tamaşaçılar çıxışımı yaxşı qarşıladılar. O gündən orkestrin verdiyi bütün konsertlərdə müğənni kimi iştirak etdim. Dünyanın neçə-neçə ölkəsində olduq. İngiltərə, Yaponiya, Fransa, Amerika… 1969-cu ildən 1973-cü ilədək həyatım belə keçdi.

– Ermənilərin bir xisləti var: bizim yaxşı nəyimiz varsa, öz adlarıyla təqdim edirlər. Sənət adamlarımıza qarşı da belə yanaşmalar olub. Siz belə halla qarşılaşmısınız?
– Uşaqlıqdan əhatəmdə olanların bəziləri üçün Mübariz adı bir qədər ağırıydı. Mənə Borya deyirdilər. Orkestrdə afişa hazırlananda da yazdılar: Boris Tağıyev. Heç erməni adı da deyil. O afişanı görəndən sonra atamın Olberyanla söhbəti oldu. Ona dedi:

– Oğlumun çox gözəl adı var; Mübariz mübarizə deməkdir.
– Buna biz Borya, Borya demişik. Afişada da belə çıxıb…
Növbəti afişada düzəltdilər – Mübariz Tağıyev yazdılar. Sözün düzünü deyəcəyəm. O orkestrin üzvlərindən özümə qarşı düşmənçilik görmədim. Ancaq orkestrdən kənarda çox-çox hadisələr oldu. Biz azərbaycanlılar Ermənistanda o vaxtlar sanki ikinci sortuyduq. Ermənilər bizə belə yanaşırdılar. Bu cür münasibəti özümə qarşı da hər addımda görürdüm. Məsələn, mənə dedilər, müsabiqədə iştirak etməlisən, hazırlaş, Soçiyə gedirsən. Bir ay keçdi. Müsabiqəyə hazır idim. Dedilər ki, azərbaycanlı Ermənistanı təmsil eləyə bilməz. Sonra yenə belə təkliflər oldu. Məni müsabiqəyə hazırlayırdılar. Bir də görürdün, müəyyən dairələrdən xəbər gəlirdi ki, yaxşı deyil axı, Ermənistanı azərbaycanlı təmsil etsin. Ən dəhşətlisi o idi ki, bunu mənim üzümə deyirdilər. Özümü sındırmırdım. Üzümün cizgilərini dəyişməsəm də, daxilimdə etiraz qalxırdı. Azərbaycanda filarmoniyanın yarısından çoxu erməniydi. Onlara özümüzünkülərdən artıq hörmət qoyulurdu. Bizim millətin xasiyyəti belədir. Başqalarını özümüzə həddindən artıq yaxın buraxırıq. Erməni yazmayıb: “Qardaş olub Hayastan, Azərbaycan”. Biz bunu da yazmışıq. Həm də təkcə yazmamışıq, əməllərimizlə qardaşlığımızı göstərmişik. Tariximizə ermənilərin vurduğu ağır yaraları unutmuşuq ki, düşmənçilik olmasın. Onlar isə bugünədək fürsət axtarır, bizə qarşı düşmənçilik siyasətlərini davam etdirirlər. Onda da səhərdən-axşamadək söhbətləri “dənizdən dənizə Ermənistan”ıydı.

– Bunu televiziyaya, ya mətbuata açıq-aşkar çıxara bilmirdilər?
– Mətbuatda açıq deməsələr də, tribunadan deyirdilər: “Ey mənim vətənim”, “böyük Ermənistan”… Düzdür, məsələ belə qalmırdı. Onlara cavab verilirdi. Ancaq bunlar geniş miqyasda olmurdu. Deyirdik ki, əşşi, ermənilər danışırlar da. Eşitdiklərimizi onların növbəti səfsəfəsi hesab edib, qulaqardına vurmamalıydıq. Ermənilər kimi biz də bir olmalıydıq. Bunu edə bilmədik. Gözümüzü açan gündən qırğınlardaydıq. Ermənilərin birinin ağzından vururdular, başqası danışırdı. Erməni parlamentinə azərbaycanlı deputat ola bilməzdi. Niyə? Çünki türkdür. Vəzifəyə irəli çəkmirdilər. Hərdənbir, o da yalandan olurdu, səlahiyyət vermirdilər. Ermənilər bütün bunları Sovetlər vaxtı, çox sakitcə, işlənib-hazırlanmış ssenariylə edir, azərbaycanlıları sıxışdırırdılar. Bir zaman evlərində də Azərbaycan dilində danışırdılar. Küçələrinin adları Azərbaycan adlarıydı. Yavaş-yavaş sözləri dəyişməyə başladılar. İrəvanda azərbaycanlıların böyük dəlmə bağları varıydı. Orda elə əriklər, şaftalılar yetişirdi… Ermənilər özləri də həmin ünvana “dəlmə bağları” deyirdilər. O sözü, o düşüncəni beynlərdən çıxarmağa başladılar. Özü də necə… Bar verən ağacları kəsdilər. Yerində abidə qoydular. Guya 24 aprel bunların soyqırım günüdür. Dəlmə bağlarını tamam məhv eləmək üçün bir tərəfində də meydança tikdilər.

– 1973-cü ildə dədə-baba yurdunuzdan Bakıya köçüb gəldiniz…
– Mənə qarşı Abovyan şəhərində təxribata oxşar hadisə baş verdi. Ora daşnakların mərkəzidir. Abovyan şəhərində konsert verirdik. Orkestrin müşayiəti ilə Kərkük bayatılarını oxuyurdum. Ermənilərin xoşuna gəlir, ləzzətlə qulaq asırdılar. Qəflətən zaldan kimsə qışqırdı: “Bu türkün yeridir, burda oxuyur?”. Tamaşaçılar arasında azərbaycanlılar yox idi. Mahnını sonadək oxuyub, çıxdım. Səhnə arxasında dedim: “Kim idi o? Niyə onu ora buraxıblar? Belədirsə, məni bu cür yerlərə gətirməyin də. İndi biz neyləyək ki, azərbaycanlıyıq?”. Səhnədə dekarasiya quranlardan biri dilləndi: “Sən, ümumiyyətlə, qarışma. Biz indi onun əngini əzəcəyik”. Orkestrin uşaqları getdilər, onlarla əlbəyaxa oldular. Çaxnaşma düşdü. Həmin tamaşaçını zaldan çıxartdılar. Birtəhər yatırtdılar məsələni. Gəldim evdə bu hadisəni danışdım. Gileyləndim: “Boğaza yığılmışam. Bir gün müsabiqədən çıxarırlar, bir gün başqa nəsə edirlər…”. Qardaşım başıyla işarə elədi: “Ora, masanın üstünə bax”. Bir kağız var idi. Oxudum. Hərbi komissarlıqdan mənə çağırış gəlmişdi. Onda artıq iyirmi altı yaşındaydım. Sonra bildim, çağırış vərəqi alan təkcə mən deyildim. Əmr verilmişdi: hansısa səbəbdən hərbi xidmətə çağırılmayanların hamısı əsgərliyə getməlidir. Bizim orkestrdən də üç nəfər çağırılmışdı. Əsgərliyə uzağa getmədim. Gürcüstana düşdüm. Orda peşəkar hərbi xor var idi. Andiçmə mərasimini gözləmədən əynimə əsgər paltarı geyindirib xora qəbul etdilər.
Sonra bəxtim yenə gətirdi. Çkalov adına məktəbə gedib-çıxdım. Ora kosmonavtların, təyyarəçilərin məkanıdır. Böyük poliqondur. Ucu-bucağı görünmür. Geniş klubları var. Məni ora işə götürdülər. Ansambl yaratdıq. Adı Prometey oldu. Birillik əsgərlik həyatımdan maraqlı xatirələr qaldı. Çoxlu dostlar qazandım. Əsgərlikdən tərxis olunmağıma az qalmış, teleqram gəldi. Rəşid Behbudov məni Mahnı Teatrına dəvət edirdi. Çkalov adına məktəbə gedib-çıxmağımdan sonra sanki ikinci dəfə möcüzə baş verirdi… Rafiq Babayevlə Gürcüstanda caz festivalında görüşmüşdük. Vaqif Mustafazadəni tanıyırdım. Amma Rəşid Behbudovla şəxsi tanışlığım yox idi. Teleqrama dərhal cavab vermədim. Qardaşımla əlaqə saxladım. Bizimkilər o zaman artıq Bakıdaydılar.

– Siz əsgərliyə gedəndə köçmək məsələsi var idi?
– Yox. Atamgil görüblər mən əsgərlikdəyəm, deyiblər, məqamdır. Köçüb gəliblər.

– Siz köçmək istəmirdiniz?
– Mənim fikrimdən keçmirdi. Orkestrə qayıtmalıydım. Orada altmışnəfərlik kollektivdə çalışırdım. Öyrəşmişdim. Həm də doğma şəhər, tanış küçələr…

– Valideynləriniz də həmin şəhərdə doğulub-böyümüşdülər, ora bağlıydılar. Onları İrəvandan köçməyə nə vadar etdi?
– Abevyan şəhərində mənim başıma gələnlər, bəzi qırğınlar, söz-söhbətlər… Səbirləri tükənmişdi. Nə isə… Qardaşım yazdı ki, məsələdən xəbərdarıq, Rəşid Behbudov səni gözləyir. Əsgəri xidməti başa vurub gəldim bura. Rəşid Behbudovun görüşünə getdim. Sanki yüz ilin tanışıydıq. Məni bağrına basdı. Dedi:
– Mən səni görmüşəm, 1972-ci ildə burda oxuyanda televizorda baxdım, çox xoşuma gəldi. Ay oğul, mən də o orkestrlə oxumuşam. Onun sonu yoxdur, orda birinci ola bilməzsən. Sən burada olmalısan.
– Onda mən gedib onlarla görüşüm. Yaxşı deyil, neçə il orda işləmişəm.
– Get.

İrəvana yollandım. Məsələni danışdım. Qayıtdım Bakıya. Burada Rəşid Behbudovla ayrı aləm başladı. Mahnı Teatrına məni solist kimi dəvət etmişdi. Müəllim kimi ondan öyrənmək çox maraqlıydı.
– İstedadlı adamlar, adətən, öyrətməyə meylli olmurlar. Rəşid Behbudov necə idi?
– Məni çox istəyirdi. Özü də bura mənim üçün ikitərəfli maraqlıydı. Bir yanda Rafiq Babayev var idi, digər tərəfdə Rəşid Behbudov… Həyatımda yeni səhifə açılmışdı. Vokal sənətiylə bağlı çox şeylər öyrəndim. Ansamblı öz ailəsi sayırdı Rəşid Behbudov. Təcrübəli insanıydı. Gözəl pisixoloquydu. Biz dostlaşdıq. Çoxlarını heç evinin astanasından içəri buraxmırdı. Mən onun evinə gedib-gələn adamıydım. Olduqca maraqlı insanıyıdı. Yumoru həddindən artıq sevirdi. Xarakterindəki bir-birinə bənzəri olmayan məqamlara görə barəsində söz-söhbətlər gəzirdi. Mənə bəlli oldu ki, danışılanların doxsan faizi yalandır.

– Ümumiyyətlə, sənət adamları haqqında heç əsası olmayan sözlər də danışılır?
– Əlbəttə. Amma Rəşid Rəşidiydi. Sərtiydi. Ancaq onu qəbul edirdilər. Dahi sənətkarıydı, bir də ürəyində kin-küdurət yox idi. Hirslənməyi qısa müddətlik idi. Gündə neçə dəfə yadıma düşür. Dediklərinin əksəriyyəti düz çıxır. Deyirdi, bunu etmə, bunu fikirləş, etmək də olar, etməmək də, mənə elə gəlir, etməsən daha yaxşıdır, bax, bura get. Amma onda müəyyən məsələlər oldu. Mənə pislik etdi. İstəməyə-istəməyə… İstəyirdi kollektivdən uzaqlaşmayım. Bir dəfə mənə teleqram uzatdı: “Gör, bu nədir. Nə yazıblar, nə istəyirlər səndən”. Baxdım ki, məni müsabiqəyə dəvət ediblər. Artıq gecdir. Teleqramı saxlayıblar, müsabiqə başa çatandan sonra verirlər. Onun üstündə inciklik düşdü. Elə o vaxt -1980-ci ildə yenidən qayıtdım İrəvana.

– Rəşid Behbudovun getməyinizə münasibəti necə oldu?
– Əlbəttə istəmirdi. Hirsləndi. Bir ildən sonra Moskvada Orqan zalında gördüm onu. Mənimlə elə görüşdü ki, sanki heç nə olmayıb. Ərklə dedi: “Ə, qayıt evinə, bəsdir. O gün ananı görmüşəm. Rübabə xanım dedi ki, mən hələ belə bişüur övlad böyütməmişəm. Sənin haqqında deyirdi”. Evə zəng elədim. Anam dedi ki, küçədə Rəşid Behbudovu gördüm. Dedi ki, yaxşı oğlandır, ancaq bunun beynində külək əsir.

– İrəvanda nə qədər qaldınz?
– Bir il. Sonra Rafiqi də gördüm. Dedi ki, sən düz başa düşməmisən, onun nəyinə lazımdır. Qayıtdım. Vəfatına qədər Rəşid Behbudovla çalışdım. Daha belə hadisələr olmadı. Aramızda bir müqavilə də bağladı:
– Sən ya bura, Mahnı Teatrına gəl, ya da restoranlara, toylara get…
– Ay Rəşid müəllim, mən nə restoranda oxumuşam, nə də toyda.
– Sən Bakını bilmirsən. Dəbə düşən kimi səni çağıracaqlar ki, övladımın toyunda oxu. Oxuyacaqsan. Ancaq ayağını ora basdığın gündən mən yoxam.
O dedi, mən dedim. Axırda mənə and da içdirdi.

– Rəşid Behbudova söz verməsəydiniz, toylara gedərdiniz?
– Yəqin ki hə… Əlbəttə, gedərdim.

– O sözə indiyədək sadiq qalırsınız?
– Bəli. Bir dəfə istədim… Rəşid Behbudov həyatda yox idi. Gəldilər, dəvət elədilər ki, yarımsaatlıq oxu. Vəziyyət pisiydi. Müharibənin ağır illəriydi. Dedim, gedim. Bir də gördüm, Fəxri Xiyabandayam. Bunu ona danışmağa getmişəm. Amma qorxa-qorxa getmişdim, düşünmüşdüm ki, bu mənim toylara getməyimi istəmirdi. Hələ məzarının üstü götürülməmişdi. Dəmirin üstündə şəkli vurulmuşdu. Yaxınlaşdım. Elə bildim mənə dedi: “Rədd ol burdan. Get. Belə şey üçün bura gəlmə”. Geri qayıtdım. Öz vəziyyətimi fikirləşdikcə, bir yandan məni gülmək tuturdu, bir yandan da öz-özümə deyirdim ki, deyəsən, dəli olmuşam, qulağıma səslər gəlir. Məclisə getmədim. Gedə bilmədim. Düşündüm: “Vəssalam, yəqin, mənə elə bu yazılıb”.

– Sizə bu dərəcədə sadiq qalan yetirməniz olub?
– Rəşid Behbudov bizim konsertlərimizi videoya çəkdirirdi ki, baxıb səhvlərimizi öyrənək. Biz dünya səhnəsində gedən konsertləri izləmək üçün ordan-burdan videokasetlər əldə edirdik. Bugünün uşaqları aryı cür böyüyürlər. İnformasiyaları həddindən artıq genişdir. Onların zövqünü oxşamaq, daxildən hiss eləmək lazımdır. Amma onlarda özümə qarşı böyük hörmət görürəm.

– Ətrafınızdakılar sizə qarşı həmişə dürüst olurlar?
– Yox. Bu, həyat məktəbidir. Mən hamını başa düşürəm. Heç kimi qınamaq lazım deyil. Hərə öz həyat yolunu, istəklərini bildiyi kimi idarə edir. Ancaq buna görə mənim əhatəmdə dost dediyim adamlar çox deyil. Yoldaşlar ola bilər. Dost dediklərimin sırası artıq seyrəlir. Az qalıblar…

– Onları seyrəldən nədir? Həyatın ölüm-itim itkiləri, yoxsa, yanlış seçim?
– Ölüm… Dünyalarını dəyişirlər.

– Yeni seçimlər olmur?
– Hə, alınmır.

– Bu nədən irəli gəlir?
– “İnam itib” – desəm də, düzgün olmaz. Mənim xasiyyətimdir, söz verdimsə, yerinə yetirməliyəm. Görsəm, eləyə bilməyəcəyəm, deyirəm, mənlik deyil. Hərdən başa düşmürəm, bəziləri əməl etməyəcəklərsə, bacarmayacaqlarsa, nəyə görə söz verirlər? Bəzən beləcə istəmədən mənə pislik ediblər. Ya da mənim haqqımda soruşublar. Deyib: “Nə bilim”. Sonra mən soruşanda ki, axı sən bilirsən bu belə deyil, niyə deyirsən bilmərəm? Cavab verib ki, nə bilim, baxırdı gözümün içinə… Belələrini başa düşürəm və qətiyyən incimirəm. Bilirəm, işini yola verib. Adam var hər şeydən inciyir. Mən məsələlərə daha ciddi yanaşıram. Kimsə gəlib desə ki, sənin haqqında nəsə danışdılar, ya neylədilər… Bunun axırına qədər gedib çıxmasam, ömrümdə inanmaram. Səbəbini həmin adamların özündən öyrənirəm, həqiqətdə necə olduğunu deyirəm. Arada inciklik qalmır. Sözgəzdirənlər var. Bu, qadın şıltaqlığı, ya dedi-qodusu olsa, bağışlamaq olar. Bəzi kişilər dedi-qodu gəzdirməyə başlayıblar. İndiki zamanın ən böyük bəlalarından bir də budur. Bağışlanmalı deyil.

– Xalq artisti adını gec aldınız…
– Fəxri ad almaqla hər şey tamamlanmır. Mənim ailəm var. Gizlətmirəm sizdən, vəziyyətim çətindir. Mənə təqaüd vermək olmaz? Təkcə məvaciblə dolanmaq olmur. Həyat yoldaşım xoreoqrafdır. Dərs deyir. İkimiz də dolanışıq üçün səhərdən-axşamadək ora-bura qaçırıq.

– Həyat yoldaşınızla neçə ildir bir yerdəsiniz?
– İyirmi altı ildir.

– Az vaxt deyil.
– Hə. Həyat yoldaşım maraqlı insandır. Bir başqası, yəqin, məni onun kimi başa düşə bilməzdi. Sənətdən başqa, uşaqların qayğıları da var. Həyat yoldaşımla bu işləri tənzimləyirik. Bir-birimizi tamamlayırıq, dolanırıq… Sözün düzü, mən istəyirəm ki, o bu qədər qayğı çəkməsin. Qadın kimi, insan kimi sakit həyatını yaşasın, evlə bağlı işləri arxayınlıqla görsün, xörəyini bişirsin. Biz artıq buna öyrənmişik ki, səhərdən işlərə köklənək, axşam evə yorğun-arğın qayıdaq. Deyə bilərlər ki, sən kişi kimi necə olur-olsun, gərək qazanıb gətirəydin. Ancaq mən öz əksimə gedə bilmərəm. Mənə desinlər: “Lələy Fatimə”ni oxu. Oxuya bilməyəcəyəm. Oxusam, gərək məni aparıb basdırsınlar. Mən bir dəfə infarkt keçirmişəm.

– Sizcə, musiqi sənətimizdəki vəziyyət çoxmu acınacaqlıdır?
– Azərbaycanda bu gün sənət bir istiqamətə yönəlib. Toylara, restoranlara. Yəni pula. Biznes sahəsi ön plandadır. Sənət bir qədər kənarda qalıb. Səhnənin, televiziyanın öz yeri var, toyun, restoranın öz yeri. Bu gün bunların hamısı eyni cızığın üstündədir. Əgər hərəsini taxçalarda öz yerinə qoymasaq, faciəyə aparıb çıxaracaq.

Sivil ölkələrdə sənət adamları konsertlərindən, disklərindən qazanırlar. Bizdə bunlar müğənniyə qazanc gətirmir, hələ cibindən pul da qoymalısan. Belə olan halda sənətçi neyləməlidir? Bir-biriylə zəncirvari bağlıdır. Mahnı almalıdır. Bəstəkar öz haqqını, şair öz haqqını istəyir. Aranjiman olunmalıdır. Klip çəkdirməlidir ki, gündəmdən düşməsin. Dünya miqyasında reklamımız yoxdur. Bizimkilər xaricdən gələn müğənnilərin konsertinə pul tapırlar, özümüzünkülərə yox. Bu qaydalarla getsək, heç nə düzəlməyəcək. Öz müğənnilərimiz get-gedə zövqlərini itirirlər. Çünki həmin məkanlarda tamaşaçılara xoşgələn mahnılar oxumalı olurlar. Toy repertuardır. Bir də öz könüllərini xoş eləmək üçün üç-dörd mahnı oxuyub, adını qoyurlar: “klassik irsimizdən”. Oxuduqları hansı klassik irsdəndir, bəzən o da bilinmir. Zövqlər elə korlanıb ki, heç bir musiqi sahəsinə hörmət qalmayıb. Xalq musiqisini illərlə öyrənən caz oxumağa başlayır. Ya estradayla bağlıdır, muğam oxuyur. Televiziya ekranlarında xoşa gəlməyən verilişlər, dedi-qodular var. Gündəmə dedi-qoduyla gəlirlər. Bunu istəməsələr də edirlər. Çünki onların beyninə yeridirlər ki, belə etməsən, gündəmə gələ bilməyəcəksən.

– Sizcə, bu gün öyrədən azdır, yoxsa, öyrənmək istəyən?
– Öyrənmək istəyən azdır. Öyrədənlər var. Ancaq onlara şərait yaradılmalıdır. Məktəbsiz, auditoriyasız, studiyasız heç nə yarana bilməz.

– Yəqin, yeni mahnı seçmək sizin üçün asan deyil…
– Bir tərəfdən asan deyil. Mən özümü axtarıram. Digər tərəfdən asandır. Çünki mahnıda ikicə not mənimkidirsə, onu özümünküləşdirə bilirəm. Mahnının sözləri də səmimi olmalıdır, musiqiylə uyğunlaşmalıdır. Fərqlər varsa, yenə mənlik deyil. Bu mənada mənim üçün problemlər olur. Bir mahnını azı üç-dörd aya, yarım ilə, bəzən, hətta bir ilə hazırlayıram. Mətndə dəyişiklik olur. Bəzən musiqisinin bəzi yerləri dəyişdirilir. Aranjiman dörd-beş dəfə dəyişir. Axırda istədiyim nəticəni əldə edirəm. Düşünürəm, ildə bir mahnı olsun, amma normal olsun. Müğənni oxuduğu mahnıya inanıb-inandırmalıdır, yoxsa çətindir. Vətənpərvərlik mövzulu mahnılar az yazılır. Belə mahnılar bizə lazımdır. Müharibə şəraitindəyik. Qəhrəmanlarımıza mahnılar həsr olunmalıdır. Gənc nəsil onları unudur.

– Uşaqlarınız sənətinizi seçmədilər…
– Kiçik qızım oxumaq istəyir. Gözəl musiqi duyumu var. Yaxşı oxuyur. Ancaq öz istəyi ilə rejissorluğu seçib. İncəsənət Universitetinin ikinci kursunda oxuyur. O biri qızım isə menecmentdir. Mənim birinci evlilikdən bir qızım, ondan iki oğlan nəvəm də var.

– Bir mahnınızda deyirsiniz: “Ovuc içi qədər xoşbəxtlik yetər”. Doğrudanmı belədir?
– Yetər. Hələ bu da çoxdur. Xoşbəxtliyi hərə bir şeydə görür. Onun, əlbəttə, ölçüsü olmur. Mənim üçün elə bir ovuc içi kifayətdir ki, həyatım qaydasında olsun. Mən elələrindənəm ki, adi sevincə sevinirəm. Məsələn, mahnı yazdırmışam, bir neçə gün buna sevinirəm. Bu ab-havayla yaşayıram.

– Belə deyək də: ürəyinizin qapılarını daha çox sevincə açmaq istəyirsiniz…
– Mən, ümumiyyətlə, qaranlığı sevməyən adamam. İşığı sevirəm.

– Deyirlər, ad insanın xasiyyətinə uyğun qoyulur. Bu fikirlə razısınız?
– Bir dəfə anama dedim ki, bu adı – Mübariz adını – yəqin, o rəhmətlik özü ilə aparmalı imiş. Mənə qoyub, bəlaya saldınız. Bütün ömrümboyu çaxnaşmalardayam. Nələrləsə razılaşmıram, xoşuma gəlmir. Həmişə belədir. Nə isə axtarıram…

“EL” jurnalı, Müəllif Zöhrə Fərəcova

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.