Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Hansı eynəklər insanı kor edir?

 tərəfindən  17 May, 2010 tarixində və SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Artıq yay fəsilini qarşılamağa hazırlaşırıq. Qarşıdan bizi qızmar yay günləri gözləyir. İsti havada günəşdən qorunmağın üsullarından biri də gün eynəklərindən istifadədir. Bəs görəsən hər kəs gün eynəklərindən günəşdən qorunmaq üçün istifadə edir? Görəsən sağlamlığımızı qorumaq üçün istifadə etdiyimiz gün eynəkləri səhhətimizə əlavə problemlər yaratmır ki?

Evlenirik.Biz bildirir ki, Anspressin apardığı sorğular  nəticəsində gün eynəkləri alanların əksəriyyətinin keyfiyyətə deyil, qiymətinə fikir verməsi aydın oldu. Bəziləri də ancaq gözəllik naminə sağlamlığını belə qurban verməyə hazırdır.

“Mən əsasən gözəlliyə üstünlük verirəm. Əlbəttə ki, keyfiyyət də önəmlidir, amma, seçimim qiymətlərdən də asılıdır” söyləyən Aygün Şükürova gözəl görünməyə üstünlük verdiyini dedi. Eynək seçərkən keyfiyyətinə çox da fikir verməyən Safurə Məmmədova gün eynəklərini optikadan aldığını bildirdi. İlk növbədə eynəyin üz quruluşuna uyğun olmasına önəm verən Aysel Qurbanzadə isə alarkən eynəyin təmiz şüşədən olmasına diqqət yetirir. “Yalnız eynək xarici görünüşünə görə məni qane etdikdən sonra şüşəsinin keyfiyyəti ilə maraqlanıram. Əvvəllər eynəyi təkcə görünüşünə görə seçirdim, şüşəsinin keyfiyyəti elə də önəmli deyildi. Lakin keyfiyyətsiz şüşəli eynəklər baş ağrılarına səbəb olurdu və daha çox məsafəni kiçildirdi” söyləyən Aysel xanım indi eynək seçərkən daha diqqətli olduğunu vurğuladı.

Günəşli havada gözündən yaş axdığı üçün gün eynəklərindən çox istifadə etməyə məcbur olan Samiq Qasımov seçimini küçələrdən, mağazalardan deyil, optikadan etdiyini bildirdi. “Şüşə olduğunu dəqiqləşdirəndən sonra eynəyin qiyməti ilə maraqlanıram. Əgər maddi durumum imkan verərsə, seçdiyim gün eynəyini bəyənirəm. Mənim üçün əsas sağlamlığımdır” söyləyən respondentimiz 29 yaşına qədər istifadə etdiyi gün eynəklərinin hamısının şüşə olduğunu bildirdi.

“Çalışıram eynək alarkən mütəxəssislərlə məsləhətləşim. Eynəyi “optikalar”dan alıram. Bəzən “optikalar”da da keyfiyyətsiz eynəklərə rast gəlinir. Heç zaman kənardan eynək almıram. Axırıncı dəfə aldığım eynək 56 manat olub. Keyfiyyətsiz eynək taxanda, gözümdə şiddətli ağrılar yaranır” söyləyən Ramin Ramazanov belə eynəklərin ətrafı dumanlı göstərdiyini vurğuladı.

26 yaşında olan Aytən Babayeva indiyə qədər ucuz, lakin keyfiyyətli gün eynəyi tapa bilmədiyi üçün bu vaxtadək eynək ala bilmədiyini söylədi.

“İstənilən yerdən eynək alıram. Əsas odur ki, qiyməti ucuz olsun. Bilirəm ki, eynək ancaq “optika”dan alınmalıdır. Lakin maddi cəhətdən imkanım olmadığına görə, məcbur oluram ucuz eynək almağa. Təbii ki, bu mənim sağlamlığıma mənfi təsir göstərir” söyləyən Samirə Həmidova eynəyi gözəllik üçün taxdığını bildirdi.

Mağaza və küçələrdə gün eynəkləri satanlar birmənalı şəkildə satdıqları malların Çindən gətirildiyini bildirdilər. Şahin adlı satıcı eynəklərin qiymətinin 5 manatdan 12 manata qədər olduğunu bildirdi.

Məsələyə münasibət bildirən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin medoptiki Bəxtiyar Əzizov gün eynəklərini xüsusi “optikalar”dan almağı məsləhət görür. Burada Moskvadan, İtaliyadan, Fransadan və Almaniyadan gətirilən gün eynəklərinin satıldığını bildirdi. Bu ölkələrdən gətirilən gün eynəklərinin daha keyfiyyətli və sağlamlıq üçün zərərsiz olduğunu qeyd edən Bəxtiyar Əzizov eynək alarkən diqqətli olmağı tövsiyyə etdi. “Yaxşı olardı ki, eynək alarkən mütəxəssislərlə məsləhətləşin. “Naydik” aparatı vasitəsilə eynəklərin keyfiyyəti mütəxəssislər tərəfindən yoxlanılarsa, bu zaman sağlamlığa zəmanət yaranar. Təmiz keyfiyyətli gün eynəyi 50 manatdan aşağı olmur. 50 manatdan 200 manata qədər olan eynəklər həm keyfiyyətcə, həm də gün şüalarının zərərli təsirlərindən qorunmasına görə birbirindən fərqlənir. Amma küçələrdə satılan bütün gün və optik eynəklər insan üçün təhlükəlidir. Eynəklərin şüşə və ya orqanik olmasının isə heç bir ziyanı yoxdur. Hərəsinin öz yeri var” söyləyən Əzizov Azərbaycanda eynək istehsalının olmadığını vurğuladı.

Bəxtiyar Əzizov sonda küçə, mağaza yaxud yarmarkalarda satılan hazır optik və gün eynəklərinin insan orqanizmi üçün olduqca zərərli olduğunu bildirdi.

Məsələ ilə bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Yeniyetmələrdə görmənin mühəfizəsi” şöbəsinin həkimi Dursun Mustafayeva ANS PRESS-ə açıqlamasında gün eynəklərinin istifadəsinin insan üçün xeyirli olduğunu vurğuladı. “Ziyanlı, ultrabənövşəyi gün şualarından qorunmaq üçün mütləq gün eynəklərindən istifadə olunmalıdır. Xüsusən də günəş şüalarına həssas olan insanlar mütləq eynəklərdən istifadə etməlidir. Bəzən göz zəifliyi olan xəstələr də optik eynəkləri gün şüalarından qorunmaq üçün xüsusi rənglətdirirlər” söylərən Dursun xanım gün eynəklərini mütləq “optikalar”dan almağı tövsiyyə etdi.

“Küçələrdən, heç bir mütəxəssis ilə məsləhətləşmədən eynək almayın. Belə yerlərdən alınan optik yaxud gün eynəkləri gözdə problemlər yaradır. Gözdə çəpləşməyə, görmə qabiyyətinin zəifləməsinə mənfi təsir edən belə eynəklərdən uzaq olmağı məsləhət bilirəm. Küçədə satılan eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın, mirvari suyunun yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır” söyləyən xanım Mustafayeva bu eynəklərin gələcəkdə beyində şiş yaranmasına da səbəb olmasını istisna etmir.

Sonda hər kəsi sağlamlığını düşünməyə çağırırıq. Biznes xatirinə xəstəlik mənbəyi olan keyfiyyətsiz eynəkləri bizə sırıyanlara aldanmayaq, ucuzdur deyə alıb, sonradan həyatımızın ən qiymətli neməti olan gözlərimizdən məhrum olmayaq.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.