Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Faiq Ağayev: Keçmiş həyat yoldaşım hərdənbir həyətimizdə görünür – MÜSAHİBƏ – FOTO

 tərəfindən  30 April, 2009 tarixində və Şou-Biznes bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Faiq Ağayev“Flora Kərimova keyfiyyətli müğənni, qayğıkeş ana, qonaqpərvər ev sahibəsidir”

“Türkiyə və türk milləti bir tərəfdədir, Ərdoğanın uğursuz hökuməti digər tərəfdə”

– Gəlin ən aktual məqamdan başlayaq. Adınızla bağlı məhkəmə prosesindən danışaq.

– Bütün bu söhbətlərin arxasında böyük bir ehtikarçılıq var. Başqa bir insanla söhbətə müdaxilə nəticəsində baş verən və çox müəmmalı bir olaydır bu. Bir vacib faktı nəzərinizə çatdırmaq istəyirəm ki, 1993-ci ildən Flora Kərimovanı tanıyıram. Və o vaxtdan düz 2008-ci ilin 18 dekabr tarixinə qədər mən onun ünvanına güldən ağır söz deməmişəm. Lakin o, mənə qarşı qərəzli olmağını artıq neçə il bundan əvvəl sezdirməyə başladı. Tam əminəm ki, 1996-cı ildə İlhamə Quliyeva ilə yaranmış münasibətlərim və 2000-ci ildən bəri bu dostluğun çox sıx olması buna səbəb olub. Bunu konkret faktlara əsaslanıb deyirəm. Baxın, 2003-cü il dekabrın 21-də Flora Kərimovaya toy dəvətnaməmi təqdim etmək istəyəndə o mənə dedi ki, gəlməyəcəm. Soruşdum, niyə? Dedi, orada İlhamə Quliyeva olacaq. Dedim, orada min nəfər insan olacaq, onlardan da biri İlhamə Quliyeva. Toya bir gün qalmış Flora Kərimova mənə yenə zəng vurdu, dedi ki, “Sınoçka, biz dörd nəfər gələcəyik”. Cavab verdim ki, “bəs dediniz gəlməyəcəksiniz?” Dedi ki, “yox, gələcəyik”. Ən maraqlısı odur ki, İlhamə Quliyeva mənim qarşımda şərt qoymamışdı ki, Flora Kərimova oralarda olmasın. Şəxsən məni bir azərbaycanli kimi Flora Kərimova – İlhamə Quliyeva münaqişəsi mənən əzir. Hər halda, ümidvaram ki, zaman gələcək, bu münaqişə öz məntiqi həllini tapacaq. Amma məni hiddətləndirən bir şey var – Kərimova məndən qisas aləti kimi istifadə etmək cəhdləri göstərir.

– Vaxtilə İlhamə Quliyeva sizin toyunuzda oxuyanda Flora Kərimova qol qaldırıb oynamışdı, İlhamə Quliyeva Flora Kərimovanın ifası zamanı salonu tərk etmişdi.

– Doğrusu, yadımda deyil bu, mən Sizə başqa bir əhvalat danışa bilərəm. 1996-cı ildə- 25 yaşım tamam olanda Gənc Tamaşaçılar Teatrında konsert keçirdim. “Faiq Ağayev – 10 il sizinlə” üç saatlıq konsertimdə şərəfli qonaqlarım arasında həm Flora Kərimova, həm də İlhamə Quliyeva var idi. Flora Kərimova səhnəyə çıxdı, İlhamə Quliyeva barəsində isti sözlər dedi. İlhamə xanım da Flora Kərimova barəsində qarşılıqlı olaraq çox xoş danışdı. O vaxt düşündüm ki, mən onları barışdıran adam ola bilərəm. Söhbətimi nəyə gətirirəm, İlhamə Quliyeva ilə dostluğumuz başlayandan sonra Flora Kərimovanın mənə münasibəti çox dəyişdi. Bu hal mənim heç xoşuma gəlmədi. Axı o da o zamanlar soyuq münasibətdə olduğum həmkarlarımla ünsiyyət saxlayırdı. Amma mən, məsələn, Aygün Kazımova və ya Samir Bağırovla münasibətdə olmaması üçün Kərimovanın qarşısında şərt qoymurdum ki, kəs bu əlaqələri. Yenə də üstündən keçdim, evinə getmişəm, çörəyini kəsmişəm, özü də evimə gəlib, halal süfrəmin qonağı olub. Sonuncu həyat yoldaşı rəhmətlik Məmməd müəllim, qızı Zümrüd, köməkçisi Yaqut da evimə gəlib, birlikdə çörək kəsmişik.

2006-cı ildə Azərbaycanının “Eurovision”da təmsil olunması müzakirə olunanda həmkarlariınızdan biri Flora Kərimovadan Azərbaycanı hansı müğənninin təmsil edə biləcəyini soruşdu. Jurnalist öz versiyasını irəli sürmüşdü: “mən o müsabiqədə qadınlardan Azərini, kişilərdənsə Faiq Ağayevi görürəm”. Kərimova cavabında “siz nə danışırsınız, əgər Faiq Ağayev bizi orada təmsil etsə Azərbaycan rəzil olar!”, – deyib. Bundan sonra məclislərin birində qarşılaşdıq və o mənə dedi ki, “eşitmişəm, siz Aygün Kazımova və İlhamə Quliyeva ilə birlikdə mənə qarşı koalisiya yaratmısınız”. Dedim ki, ” ətrafınızda olan dezinformator sizi düzgün səmtə yönəltməir. Və bir də, mənim mübarizəm varsa, onu asanca təkbaşına apararam”.

Sonrası da 14 dekabrda ANS televiziyasında baş verib. Əli Mirəliyev 1 il idi ki, ağzını qoymuşdu bilmirəm nə yoluna, çünki Allah yoluna demək düzgün çıxmır. Mənim barəmdə ağına-bozuna, qarasına danışırdı. Yaxınlaşdım, çəkdim qırağa, özü də ikilikdə söylədim, “mən sizə haqqımda danışmağı qadağan edirəm”. Bu məqamda hardansa Flora Kərimova peyda oldu və dedi, “Əli danışmayacaq, mən danışacam”. Bir-birinin dalınca olmazın söyüş söydü. Əvvəl cəhd etdim sakitləşdirim onu. Hətta ANS-in mühafizəçiləri dava olacağını zənn edib, aramıza girmək istədilər. Onlara dedim, “çəkilin, mənim Flora Kərimova ilə normal münasibətim var”. Onlar çəkildilər, Kərimova çəkilmədi – söyüşün biri, necə deyərlər, 1 qəpik… İndi özüm özümü hardasa məzəmmət edirəm ki, xanıma söyüşlə cavab verdim. Lakin o elə məqamlara toxundu ki, pərdə yeri saxlamadı.

– Deyirsiniz ki, biz onunla ana-bala münasibətində olmuşuq. Bu qədər mehribanlıq birdən-birə soyuqluqla əvəzlənəndə araşdırmağa və inandırmağa cəhd göstərmədiniz?

– Araşdırdım. Amma o yanlışlığında israrlı idi ki, “İlhamənin dediyi ilə oturub-durursan. Səni mənə qarşı yönəldir” deyirdi. Baxmayaraq ki, əlində fakt yox idi.

– Vaxtilə İlhamə Quliyeva Brilliant Dadaşova ilə münasibətinə nifaq saldığınızı iddia etmişdi və elə efirdə sizin ünvanınıza müəyyən fikirlər demişdi.

– Sonradan İlhamə xanım bu məsələni araşdırdı. Belə bir nəticəyə gəldi ki, yalan məlumatdır, söz gəzdirməkdən başqa bir şey deyil. Əgər mənim kiminləsə illərlə biçilmiş bir dostuluğum varsa, ailəvi dostuqsa, heç kim dostum barədə mənim yanımda artıq bir söz deyə bilməz. Sadəcə, o vaxt yanımda İlhamə xanımın qarasına danışdılar, mən də cavablarını verdim. O kəs də özünü təmizə çıxarmaq üçün günahı mənim boynuma atmaq istədi, alınmadı. Yeri gəlmişkən, mən söz gəzdirməyi nəinki kişiyə, heç qadına da yaraşdırmıram.

– Siz tədbirli adamsınız, illərə söykənən dostluğunuz, ana-bala münasibətiniz olub. Flora xanımı necə tanımısınız, onu necə xarakterizə edərdiniz?

– Keyfiyyətli müğənni, qayğıkeş ana, qonaqpərvər ev sahibəsi. Fəqət, həyat prinsiplərində əfsus, idbarlığa yol verən birisi.

– Siz həqiqətən onun yaxşı olmayan insan olduğuna inanırsınız?

-Yox. Mən elə deməzdim… Söyləyərdim ki, bu insan ətraf seçməkdə və qərar verməkdə böyük yalnışlar edir. Soyuq başla, düşünülmüş qərar verə bilmir! Onun bürcü şirdir – sözü eşidir, fərqinə varmır. Emosiyaya qapılır. Həyatı boyu ən böyük səhvi cilovlamadığı emosiyalarıdır.

– KİV-ə yaydığınız bəyanat gözlənilməz, şok addım idi. Hətta indi də Flora xanım barəsində xoş keyfiyyətlər sadaladınız. Bu halda, o vaxt indiki qədər incik deyildiniz.

– Yox, incik idim. Çox incimişdim, söylədiyiniz o ana-bala münasibəti olmasa idi, bəlkə də fərqinə varmazdım. Hətta məhkəmədə hakimin qarşısında mənə dedi, oğul, siz etiraf edin ki, sizi İlhamə Quliyeva öyrədib, mən də sizdən əl çəkim. 70 yaşında bir insan 7, ya 8 məhkəmə prosesi yaşayır – Yasamal məhkəməsində Faiq Ağayevə qarşı mülki iş, Faiq Ağayev və İlhamə Quliyevaya qarşı cinayət işi. Nəsimi məhkəməsində İlhamə Quliyevaya qarşı mülki iş. Binəqədi məhkəməsində İlhamə Quliyevanın mətbuat katibinə qarşı mülki iş, İlhamə Quliyeva və onun mətbuat katibinə qarşı mülki iş, Sərxan Kərəmoğluya qarşı Gəncədə mülki iş. Toliki də məhkəməyə verməklə hədələyirdi, Tolik cəlb tərpənib, barışdı onunla. İndi deyir ki, Ülvi Qılıncı da məhkəməyə verəcəm. Nəyə lazımdır axı, gəlin açıq etiraf edək, o, müəyyən çəkiyə və nüfuza malik olan insandır. Rus demişkən, “neujeli” bunun gücü çatmır ki, həmən o nüfuzun hesabına bu məsələləri həll etsin? Olan-qalan hörmətini də itirir, dönüb “Məhkəmələr Kraliçasına”.
Heç kimə bu həyatda imkan vermərəm ki, valideynimə söz atsın. Valideynini müdafiə etməyən Allah tərəfindən lənətlənmiş birisidir. Anamın Allaha itaətinə hörmətsizlik edib. Haci Səfiyyə xanımdan üzr istəməsə, onu bağışlamayacam. Dəfələrlə bundan əvvəl belə hərəkətlər edənləri bağışlamışam, çünki anamdan üzr istəyiblər.

– Düşmənçiliyin sonu var?

-Var. Demirəm ki, 1995-1999-cu illərdəki sıcaq münasibətlərimizə qayıdaq. Yox. Amma öpüşmədən, qucaqlaşmadan, eyni zamanda “yabalaşmadan” paralel yaşamaq mümkündür. İnanın, hər zarafatda böyük bir gerçəklik var. Mən səhər saat 8-də oyanmaq üçün fiziki əziyyət çəkirəm. Mənə lazımdır 10-nun yarısı məhkəməyə gəlim? Ümumiyyətlə, məhkəməyə niyə gəlməliyəm? Mənə elə gəlir ki, bu, həyatımdan pozulan saatlardır.

– O bəyanata görə peşmançılıq hissi keçirirsiniz?

-Mən peşmançılıq hissi keçirirəm ki, bu olay baş verib. Peşmançılıq çəkmirəm ki, haqqımı qoruyuram. Olmamalı idi. Lənət kor şeytana!

– İstər stajlı, populyar, istər də təcrübəsiz müğənnilərin heç olmasa birinin sizi səmimi qəlbdən sevdiyinə, dost olduğuna inanırsınız?

– Dostluq deməzdim, rəfiqlik münasibətlərində olanlar var, qarşılıqlıdır.

– Ola bilərmi ki, münaqişələrinizdə sizə sezdirmədən vasitə olan var?

– Yəqin marağında olanlar var ki, Faiqin qoruyub saxladığı birinciliyi əlindən alsınlar. Paxıllığımı çəkənlər var. Fikirləşiblər haradan vursunlar. Tamaşaçılarımı Heydər Əliyev adına Saraydan qova bilməzlər, insanları televizorun qarşısından qovmayacaqlar, terrorçu olub radiostansiyaları partlatmayacaqlar ki, Faiq Ağayevin səsi gəlməsin. Hə, boyu balacadır, gəlin burdan vuraq. Yeri gəlmişkən, Rusiya Prezidenti Dmitri Medvedyevin boyu məndən iki santimetr kiçikdir. Mənim boyum 164 santimetrdir, Medvedyevin boyu 162 sm (gülür). Başqa neyləyək, gəl Faiqi Aygün, İlhamə Quliyeva, Flora Kərimova ilə küsüşdürək. Cəhd elədilər, Aygünlə, İlhamə xanimla alınmadı. Gedib Flora Kərimovanən qulaqlarını doldurublar. O da düşünüb, Faiq Ağayevə qarşı bir startejiya hazırladı. Gəlib ANS-də məni pusmağa başladı. Çünki həmən gün o məndən 3 saat əvvəl çəkilmişdi. Əgər Flora Kərimova axşam saat 5-də çəkilmişdisə, niyə saat 8-də geri qaydırdı, nə itirmişdi orda? Deməli, əvvəlcədən plan cızmışdi, sadəcə olaraq, bəhanə və müvafiq vaxt gözləyirdi.

– Niyə sizin münaqişələriniz uzunömürlü olur?

– Deməzdim. Bir münaqişəm uzunömürlüdü – Brilliant Dadaşova ilə. O da mənim təşəbbüsümlə yox.

– Zülfiyyə Xanbabayeva…

– Zülfiyyəyə qarşı, inanın, kinim yoxdur. Allah rəhmət eləsin, atasını itirəndə xəbər göndərdim, başsağlığı verdim. Meneceri Nigarın anası rəhmətə gedəndə şəxsən iştirak etdim yas məclisində. Xanbabayeva xalq artisti adı alanda SMS yolladım. Sonradan o, bu gözəl, səmimi hərəkətimi yaltaqlıq kimi dəyərləndirdi. Yaxşılığa yaxşılıqla cavab vermək lazımdır. Övladı oldu, yenə də təbrik göndərdim. Onun bir səhvi oldu ki, cəmiyyət arasında mənə əl u-zat-ma-dı… Rəfiqəsinə xoş gəlmək üçün el arasında əl uzatmağa guya ar elədi. Amma efirdə fikirləşdi, birdən camaat deyər mən düzgün eləməmişəm, “xala xətrin qalmasın” əl uzatdı mənə. Mən də bir cümlə dedim ki, efir xatirinə mənə əl uzatma. Efirin səhərisi günü yenidən əl uzutmayacaqsansa, nəyə lazımdır bu “göstərməcəlik”, bu səmimiyyətsizlik?

Zülfiyyədən mənə heç nə lazım deyil. İstisna etmirəm ki, günlərin bir günü Allah qismət edər, bəlkə də oturduq, bu söhbətin axırına çıxdıq. Yetər ki, o insan olaraq söyləsin ki, kaş bunu etməyəydim.

Brilliant Dadaşova məni rəsmən yeganə düşməni elan edib. Çox nahaq yerə. Özünü burada TMB-nin nümayəndəsi kimi qələmə verdi. Kanalın qarşısında şərt qoymuşdu ki, Faiq Ağayev efirə çıxmasın. Hətta jurnalistlərlə görüşü zamanı bu haqda danışdı. Həmən süjet efirə çıxanda mənə dərhal TMB-nin əsl Bakı nümayəndəsi zəng elədi, daha sonra Türkiyədən TMB kanalının başqanı zəng elədi, rəsmən üzr istədi. Və xahiş elədi ki, siz audio-videolarınızı birbaşa Türkiyəyə göndərin. Pislik kimə qaldı? Səsim də səslənir, görüntüm də var.

– Tez-tez populyar və gənc kişi müğənnilərə sual verirəm. Niyə Röyanın Aygün Kazımova ilə apardığı rəqabət Faiq Ağayevlə sizin aranızda yaşanmır? Səbəbi maliyyə ilə bağlayırlar…

– Arayış üçün deyirəm. 21 ildir, efirdəyəm. Bu illər ərzində nə disk buraxmaq, nə konsert keçirmək, nə də efirə çıxmaq üçün pul verməmişəm. Mənim verdiyim pul yalnız aranjıman və klip çəkilişləri ilə bağlıdır. Özümü çox təriflədim hə? (gülür)

– Bir az… Sizin zamanınızda parlaq istedad mütləq qiymətldəndirilirdi. İndi isə kommersiya dövrüdür.

– Deməzdim. Çünki onlar da, maşallah, sənəti hesabına populyarlaşıb. İndi borclarıdır ki, sənətdən qazandıqları ilə həmən o populyarlığı daha da böyütsünlər. Zamiq, Elton, Ayaz, Samir Cavadzadə, Rüstəm Zeynallı və Elnurla bərabər səhnəyə çox adam gəlib. Niyə görə məhz onlar gündəmdədirlər? Çünki bacarıqlıdırlar. Mən 21 ilə qət etdiyimi onlar 10 ilə qət edəcəklər. Mən səhnəyə gəldiyimdən 10 il sonra, 1998-ci ildə özümə maşın aldım. On ildən sonra! Onlarınsa əldə etdikləri, göz dəyməsin, vaxt baxımından daha az zaman tələb edir. Onlardan birisi, inşaallah, mütləq nə vaxtsa öz aralarında birinci olacaq. Əgər uğurdan başı gicəllənməsə!

– Siz həm də biznesmen kimi tanınırsınız. İqtiadi böhran sizə təsir etməyib ki?

– Mənim biznesim yalnız oxumağımla bağlıdır. Heç qəzet köşküm belə yoxdur.

– İnanaq?

– Qurana and olsun! Mənim evimdə 12 ildir ki köməkçi bir xanım işləyir- Lida. Subay vaxtımda da, evli vaxtımda da, indi də o mənim yanımda çalışır. Hətta Lida da mənə deyir ki, Faiq, heç olmasa özünə bir mağaza aç. Mən qulpundan yapışdığım hər bir işə elə dəqiqliklə yanaşıram ki, qorxuram mağaza açsam, sənət arxada qalacaq. Mən “Lider” TV-də “Ulduzlu axşam” verilişini aparanda sənətlə daha az məşğul idim. Bu, biznes haqqında. O ki qaldı böhrana, mənimçün həyatda ən vacib saydığım məqamlardan biri də müstəqil olmaqdır. Müstəqil olmaq üçünsə iqtisadi baxımdan heç kimdən asılı olmamalısan. Ömrüm boyu çalışmışam ki, buna müvəffəq olum. Mənim ağlayan kişilərdən heç xoşum gəlmir. Kişi ağlayar e, əzizi, yaxını üçün için-için, xəfif göz yaşı tökər. Amma pul üçün ağlamazlar. Odur ki, indi deyəcəyimi əsla ağlamaq kimi qəbul etməyin, amma etiraf edirəm ki, istədiyim qədər pulum heç vaxt olmayıb. Buna baxmayaraq, heç vaxt kredit və ya borc götürməmişəm. Dünya ulduzları üç ildən bir maşınını dəyişir. Bax, indi zamanıdır ki, maşınımı dəyişim, amma pulum çatmır. Eybi yox, dözərəm, Allah ruzimi göndərər, qazanaram.

– Ekstra tədbirlərdə qiymət endirimi var?

– Təbii ki, iqtisadi böhranla bağlı hər sahədə, o cümlədən müğənnilikdə də müəyyən dəyişikliklər yaranıb. Faiq Ağayevin də tədbirlərinin sayı nisbətən azalıb. Amma qiymətlərdə heç bir dəyişiklik yoxdur. Srağagün getmişdim restorana çörək yeməyə. Gördüm ki, qapıda 19-20 yaşlı bəylə-gəlin durub. Bir anlıq yavaşladım, baxdım onlara. Bu məqamda analardan biri mənə yaxınlaşıb dedi ki, mənim arzum idi ki, Faiq Ağayev balamın toyunda iştirak etsin. Getdim, təmənnasız 20 dəqiqə oxudum o toyda. Pul alsaydım, yəqin o pulu xərcləyərdim. Amma orda qazandığım sevinci, savabı və hörməti pula dəyişmək olmaz.

– Yenidən evlənmək fikriniz var?

– Mən acığa evlənən insanlardan deyiləm. İlk evliliym 33 yaşımda olmuşdu. Artıq yetkin, formalaşmış bir insan idim. Bu mənim şüurlu seçimim, ürəyimin ehtiyacı idi. Sonra həyat belə gətirdi ki, boşanmaq məcburiyyəti ilə üz-üzə gəldim. Elə Lent.az-da siyasətçilərdən biri “Faiq Ağayev boşandı” sualına “Nikolya Sarkozi də boşanıb, əgər onun boşanmasını qəbul ediriksə, niyə də Faiq boşanmasın”, cavab vermişdi. İndi qarşıma eləsi çıxmalıdır ki, ona inanım. Bir dəfə inandım, yanıldım. Bir daha elə səhvə yol verməyə haqqım yoxdur.

– Keçmiş həyat yoldaşınızla münasibətlər indi hansı yerdədir?

– Heç cür. Biz paralel, ayrı-ayrı ömür sürürük, yəni “toqquşma” nöqtəmiz yoxdur. Baxmayaraq ki, onun məni tez-tez müşahidə etmək və görmək imkanı var. Hərdənbir həyətimizdə görünür. Çünki keçmiş həyat yoldaşım mənimlə eyni binada, beşinci mərtəbədə yaşayan birisinə ərə gedib.

– Bəs deyirlər, onlar Azərbaycanı tərk ediblər.

– Bu yaxınlara kimi burdaydılar. Nə isə, çoxlu suallar doğuran bir məlumatdır. Allah xoşbəxt eləsin.

– Zaman-zaman Türkiyə səhnəsi ilə bağlı yaradıcılıq planlarınız olub. Ermənistan-Türkiyə sərhədləri açılsa, Türkiyə ilə yaradıcılıq əməkdaşlığına davam edərsiniz? Münasibətiniz necə olar?

– Gəlin, bu başdan iki anlamı bir-birindən ayıraq. Türkiyə və türk milləti bir tərəfdədir, Ərdoğanın uğursuz hökuməti digər tərəfdə. AKP nə qədər də böyük olsa, 75 milyonluq Türkiyənin istəklərin əks etdirən bir siyasi qüvvə deyil. Mən qardaş Türkiyəyə yox, AKP-yə qarşıyam. Bu sərhədləri açmaq məsələsi həmin şeydir ki, biz Kıbrısın türk hissəsinin Türkiyə tərəfindən qanunsuz zəbt olunmasını elan etmiş olaq. Ağılasığmaz bir yanlışlıq! AKP-nin qəbul etdiyi, gerçəkləşdirmək istədiyi, neçə aylardır gizli danışıqlar apardığı Türkiyə-Ermənistan məsələsi sadə türk xalqının arzu-istəyi demək deyil. Sadəcə olaraq, Rəcəb Ərdoğan yəqin tarixdə Rəcəb-Sülhpərvər adını daşıyan şəxs kimi qalmaqdan ötrü heç cür anlaşılmayan bu yola əl atıb. Bu böyük günahın müəllifi Türkiyənin ən uğursuz 51-ci AKP hökumətidir. Atatürk, Bülənt Ecevit, Turqut Özal, Süleyman Dəmirəl kimi nəhənglərin yolundan dönən, ona xain çıxan 51-ci hökumət. “Nabucco” qaz kəmərinin tam yarısı Türkiyənin ərazisindən keçəcək və Azərbaycanın o layihənin gerçəklənməsi və fəaliyyətində əvəzsiz, böyük rolu var. Heç Bakı boyda əhalisi olmayan Ermənistanın Türkiyə ilə nə alış-verişi, nə iqtisadi bağlantısı ola bilər? Türkiyə nə kimi gəlir və imtiyazlar gözləyir ki, Azərbaycanı satsın? Mən hələ Bakı-Ceyhandan danışmıram! Burada siyasi spekulyasiya söhbəti var. Çox təhlükəli bir oyundur.
Əgər sərhəd açılsa, çox mübahisəli məsələdir Azərbaycan müğənnisinin Azərbaycana laqeydlik nümayiş edən və rəhbərliyində satqınlar olan bir ölkədə çalışması… Mən dərk edirəm ki, dediklərim çox sərt çıxış, çox təhlükəli addımdır. Amma mən sənətdə olduğu kimi, vətəndaş mövqeyini bildirməkdə də prinsipial adamam. Başqa cür bacarmıram.

lent.az

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.