Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Dayə Biznesinin «ÖZƏL» qanunları!

 tərəfindən  14 May, 2009 tarixində və Körpələrə Özəl, Maraqlı və Faydalı bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Dayə və Körpə Uşaq

Bu qanunlardan dayə də zərər çəkir, ailə də, hətta uşaq daş..

«Görünüşünüz normaldır. Sadə və qabiliyyətli xanıma bənzəyirsiniz. İnanıram ki, ailə də sizi bəyənəcək». Darısqal və yarıqaranlıq otaqda məni başdan-ayağa süzən qadın işədüzlətmə firmasının rəhbəridir. Bu otaqsa elə həmin firmaya – «Amin»ə məxsusdur. Qəzetdəki elana əsasən, buranı axtarıb tapmışıq və «istəyimiz» dayə olmaqdır. Bəli, bəli, dayə. «Jurnalist peşəsini dəyişir» rubrikasında bu dəfə dayəliyi sınaqdan keçirmək qərarına gəlmişik.
Son 10 ildə Azərbaycanda uşaq bağçası sisteminin yavaş-yavaş çökməsi, qadınların sürətlə iş həyatına atılması nəticəsində yaranan mənzərənin uşaqlar üçün acı nəticələrini araşdırırıq bir növ. Ata-ana işləyir, ətrafdakı bağçalar standartlara cavab vermir, nənə isə nəvəyə baxmaq imkanında deyil və ya bundan imtina edir. Nə etməli? Təbii ki, dayə xidmətindən yararlanmalı. Bir qayda olaraq, dost-tanış, qohum-əqraba tövsiyəsi ilə dayə tapanlarla yanaşı, bu missiyanı işədüzəltmə firmalarının öhdəsinə buraxanlar da var. «Filan-filan cəhətləri, kriteriyaları olan dayə axtarıram» deyib, qəzetlərə elan verən neçə-neçə valideyn var, bilirsinizmi? Biz də araşdırmadan öncə bilmirdik. Amma elə qəzetlərdə dayə axtaran valideynlərə, eləcə də bu cür iş təklif edən firmalara baş vurub, ümumi mənzərəni öyrəndik.

Beləliklə, məlum oldu ki, paytaxtda bizim dayə olmağımız üçün hər hansı maneə yoxdur. Nə tibbi müayinə, nə polis araşdırması, nə qabiliyyət imtahanı, nə də öncəki iş yerlərindən etibarnamə. Əsas məsələ valideynin sənin gözünün içinə baxanda nə düşünəcəyidir. Amma yenə də biz ölkədəki dayə bazarı(ifadə bir az qıcıqlandırıcı səslənə bilər, üzrlü sayın -müəllif) barədə tam təəssürat yaratmaq üçün axtarışlarımızı davam etdiririk. Bu dəfə rolu dəyişmək şərtilə. 
İndi biz «uşağımıza dayə axtarmağa» çıxmışıq. Dayələrlə sövdələşmə və görüşmələrdə maraqlı nüansların axtarışındayıq.

«Zəmanət məktubum da var, kitabçam da, ancaq elit ailələrlə işləyirəm»

Budur, elanlar qəzetində «20 il təcrübəsi» olan bir dayə barədə məlumat var. Zəngləşib danışırıq, məlum olur ki, 58 yaşlı Mətanət xanım elanda da yazıldığı kimi, 20 ildir ki, dayəlik edir. Son iş yeri hazırda xaricə köçən bir ailədə olub. Uşağa 4 aylığından 5 yaş yarımlığına qədər qulluq edən dayə sonuncular ölkəni tərk etdiyi üçün indi işsizdir: «Ayıma 450 manat pul, bəzən də ərzaq, köhnə pal-paltar verirdilər. Elit ailəydi, ər-arvad ikisi də xarici şirkətdə işləyirdi. Yanvarın əvvəlində elan etdilər ki, işləriylə əlaqədar İsveçə köçürlər. Mənə də onlarla İçveçə köçməyi təklif etdilər. Bütün sənədlərimi düzəldəcəklərinə söz verdilər. Amma mənim ailəm, qohum-əqrəbam hamısı burdadır. Köklü bakılıyam. Özüm də cavan deyiləm ki, başımı götürüb istədiyim vaxt çıxıb gedim. Bir ayağım burda, o biri ayağım gordadır. Ölsəm, mənim meyidimi ordan bura kim gətirəcək?»

Mətanət xanımın sözlərindən bəlli olur ki, işlədiyi ailə ona əmək kitabçası da düzəltdirib. Hətta zəmanət məktubu da yazıb: «Hansı qapını döysəm, iş taparam. Amma mən ancaq elit ailələrlə işləmək istəyirəm. Firmalarla əməkdaşlıq mənlik deyil. Gərək ilk ayın  maaşının yarısını onlara verim. Neçə aydır işsizəm, niyə maaşın yarısını onlara verməliyəm ki? Özü də firma mənimçün nə edə bilər ki? Onsuz da ata-ana ilə axırda özüm görüşürəm də». ..
Dayə deyir ki, bu günə qədər ailəylə heç bir problemi olmayıb: «Oxumuş adamlar hər şeyin yerini yaxşı bilirlər. Onlardan narazı qalmağımçün səbəb yox idi. Evlərini yığışdırmaqçün ayrıca xidmətçiləri vardı, mən ancaq uşaqla məşğul olub, onu gəzintiyə çıxarırdım».
Mətanət xanıma istədiyi məvacibin çox olduğunu bəhanə edib, düşünmək üçün vaxt istəyirik.

«O qədər «besprizopnı» uşaqlarla işləmişəm ki, hamısının dilini bilirəm»

Bu sözləri isə 42 yaşlı Aygün xanım deyir. Xarici görünüşü də, səsi də, danışığı da ilk baxışdan əzazil biri olduğu barədə təsəvvür yaradır. Özü də etiraf edir ki, uşaqlara münasibətdə özəl pedaqoqika üsulları var. Dediyinə görə, ən düzgün tərbiyə üsulu cəzalandırmadan keçir: «Mən ailələrlə ilk dəfə danışanda deyirəm ki, uşağınız ərköyün və ya dəcəldirsə, mən onu quzuya döndərəcəm. Ata-anadan xahiş edirəm, işimə qarışmasınlar. Razılaşan razılaşır, razılaşmayanla sağollaşırıq». 
Aygün xanımın sözlərindən məlum olur ki, cəzalandırma metodu uşağı yeməksiz qoyma, əyləncəni, televizoru, gəzintini  qadağan etmək kimi mərhələlərdən keçir. Dayə bir qayda olaraq, uşaqla rus dilində danışmağa üstünlük verir: «Azərbaycanlı ailə olsa da, çalışıram, uşaqla rus dilində danışım. Çünki ona nəsə öyrətmək istəyirəm. Hətta gecə yatanda nağılı da rusca danışıram». 
Amma Aygün xanımın sərt qaydaları var. Deyir ki, 2 ay birgə işlədiyi ailəylə sırf təmizlik məsələsinə görə yollarını ayırmalı olub: «Uşağın anası deyirdi ki, dayəlik də elə, xidmətçilik də. Mən ancaq uşağın paltarını, qabını yuya bilərəm. Niyə ailənin bütün təmizlik işləri mənim boynumda qalmalıdır axı? Sənin ərinin çirkli corablarını bəyəm mən yığışdırmalıyam? Elə adamlar var ki, dayə məvacibi verib, evlərinə həm də xidmətçi tutmaq istəyirlər».

Aygün xanım bütün bu metodikası və qaydalarıyla yanaşı,  həftədə cəmi 5 gün, 8 saatlıq iş qrafikinə görə 300 manat məvacib istəyir. Özü də əvvəldən şərt qoyur ki, maaşı yarıbayarı deyil, bütöv halda, ayın 15-də istəyir: «Lotoreya oynayıram, özüm də kreditlə paltaryuyan götürmüşəm, onun pulunu verirəm hər ay. Yarım-yarım maaş mənə sərf etmir».

Gəzinti dayəsi…

Əslində belə elanla rastlaşana qədər mən «gəzinti dayəsi» anlayışının olduğunu bilmirdim. Ən azı bizdə. 27 yaşlı Samirə ilə telefonla danışanda isə məlum oldu ki, o, ancaq uşaqların gəzintisi ilə məşğul olur. Yəni, uşağa gün ərzində baxmaq yox, onu bir neçə saatlıq(və ya dəqiqəlik-ailənin istəyinə uyğun) gəzintiyə çıxarmağı təklif edir. Marağa deyirəm ki, guya mən uşağıma özüm baxa bilirəm, amma gəzintiyə çıxarmağa vaxtım olmur. Mənə necə «ekskursiya» təklif edir? Samirə bloknotuna baxır, məlum olur ki, həftənin 4 gününü – şənbə, bazar və bazar ertəsi çıxmaq şərtilə – «bizim körpəyə» ayıra bilər. Hər dəfə də 2-2,5 saatlıq gəzinti proqramı ilə. Bu xidməti üçün nə qədər pul istədiyini soruşuram, məlum olur ki, ortada konkret məbləğ yoxdur. Hər şey gəzintinin trayektoriyasından asılıdır. Samirə xanım elan edir ki, əgər uşaq 4 yaşından yuxarıdırsa, valideynə həftəlik Kukla Teatrındakı tamaşaların, habelə şəhərdə uşaqlar üçün gəzinti yerlərinin, kafelərin siyahısını verə bilər: «Valideyn qrafiki özü seçir, təbii ki, gedəcəyimiz yerlərin pulunu da verir və bizi göndərir. Adətən həftədə bir dəfə kafe, bir dəfə bulvar, bir dəfə park, bir dəfə də teatr proqramını seçirlər.  Çünki bu halda, uşaq həftə boyu hər yerə getmiş sayılır. Belə qrafik üçün mən həftədə 30 manat alıram. Valideyn nəyisə ixtisar edə və ya artıra bilər. Mənim maaşım da bundan asılı olaraq dəyişir. Adətən həftəlik qazancım 30 manat olur».

Samirə eyni gəzintiyə iki-üç uşağı apara bilməz. Çünki valideynlər bununla razılaşmır: «Deyirlər ki, ancaq bizi uşağa baxmalısan. Qorxurlar ki, yıxaram, əlimdən qaçar, maşın vurar. Həm də deyirlər, uşağımızın kollektiv halda gəzməyə çıxmasını istəsək, elə bağçaya qoyardıq. İlk vaxtlar ailələr inanmırlar ki, uşağı həqiqətən gəzməyə aparmışam. Başlayırlar, uşağı sorğu-suala tutmağa. Belə olanda mən telefonla gəzinti yerində şəklimizi çəkir, gələndə özlərinə göstərirəm».

Gördüyünüz kimi, valideynlər kimi dayələr də növbənövdür. Azərbaycanda isə bu tərəflərdən heç birinin durumu ürəkaçan deyil. Nə dayə qarşısına sanballı ailənin çıxacağından əmindir, nə də ailə dayə məsələsində ağzının yanmayacağından. Bu şərtlər daxilində hər iki tərəfin seçim edərkən böyük riskə yol verdiyi görünür. Maraqlıdır, ölkədə bu sahə ilə məşğul olan QHT-lər, dövlət strukturları varmı? Onlar yaranmış mənzərənin dəyişməsi üçün hansı addımların vacibliyini düşünür?

Kəmalə Ağayeva: «Dayənin heç bir məsuliyyəti olmur»

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva hesab edir ki, uşaqların psixi durumu dayənin işinə təsir edir. Onun sözlərinə görə, bunun üçün dayələr üçün xüsusi kurslar keçirilməli, təlimatlar verilməlidir: «Bəzən qəzetlərdə dayə hazırlıq kurslarının elanlarına rast gəlmək olar. Amma kurslar metodiki vəsaitlə təmin olunsalar da, bilmək olmur ki, o dayəni göndərən sahibkar onun haqqında nə dərəcədə məlumata malikdir. Bəlkə o adam qəsdən həmin evə göndərilib? Bəlkə hansısa cinayətkar qrupun iştirakçısıdır? Əgər ailə həmin dayənin sağlamlığı haqqında heç nə bilmirsə, deməli, uşağına zərər yetiriləcəyi ehtimalı var. Şəxsən mən uşağıma dayə tutmaq istəsəm, rus nənələrinə üstünlük verərdim. Çünki onların metodikası, bu sahədə həqiqi təcrübələri var. Azərbaycanda dayə statusu olan barmaqla sayılacaq qədər qadın var. Bir agentlikdə ki, qadın işlədiyi ilk ayda maaşının 50 faizini sahibkara verir, burada hansı hüquqdan danışmaq olar? Üstəlik müqavilə də bağlanmır. Dayənin heç bir məsuliyyəti olmur».

K.Ağayeva həmçinin bildirdi ki, tərəflər arasında müqavilənin bağlanmaması həm sahibkarın, həm də dayənin vergidən yayınması deməkdir. Onun sözlərinə görə, bu durumda dayəyə verilən maaş heç yerdə qeydiyyatda olmur, amma həmin sahibkar hardansa bu pulu alıb dayəyə verir. Deməli, bu məsələdə dövlət hər iki tərəfdən iqtisadi zərər görür” .

Yusif Bəkirov: «Bu xaosda ən çox uşağın hüququ pozulur»

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif  Bəkirov da hesab edir ki, dayə-sahibkar münasibətlərini heç bir müqavilə tənzimləmədiyi üçün iş prosesində hər iki tərəfin hüquqları pozulur. Onun sözlərinə görə, dayənin iş prosesində heç bir sığortası olmadığından xəsarət alacağı təqdirdə də işsiz qalır: «Buna nəzarət edən qurum yoxdur. Ailəylə dayə arasında bağlanılacaq müqavilədə sonuncunun öhdəliklərinin nələr olduğu göstərilməlidir. Halbuki bizdə ailə istədiyi vaxt dayənin pulunu vermədən, qapıdan qova bilər. Dayələrin heç həmkarlar ittifaqı da yoxdur. Onlar müdafiə olunmurlar. Sahibkar  anlamalıdır ki, müqavilə həm də onun hüquqlarının qorunmasıdır».

Y.Bəkirov bu situasiyanın uşaqlara da pis təsir etdiyini söylədi. Onun sözlərinə görə, uşaqlarla pis rəftar edən dayəyə qarşı valideyn heç nə edə bilmir: «Ən yaxşı halda ailə dayəni qovur, bu da dayəyə öyrəşmiş uşağa pis təsir edir. Birmənalı olaraq, hüquqi dövlətidə yaşayırıqsa, müqavilə bağlanmalıdır. Bu sahədə vahid mexanizm yoxdur, xaos hökm sürür» .

Sahib Məmmədov: «Əmək Məcəlləsində dayələrin hüquqları öz əksini tapmadı»

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da dəfələrlə dayə-sahibkar münasibətlərini qaldırdıqlarını söylədi. Onun sözlərinə görə, işçi götürən tərəf hüquqi, fiziki şəxs deyilsə, müqavilə bağlaya bilmir. Çünki qanuna görə, üçüncü tərəf  olaraq notarius bunu təsdiq edə bilməz: «Ona görə də dayələr qeyri-rəsmi əməyə cəlb olunurlar və öz funksiyalarını yerinə yetirə bilmirlər. Əmək münasibətləri rəsmiləşdirmirsə, həm də buna qanunvericilik imkan vermir. Əmək müqaviləsi olmadan, işəgötürən dayəni qova bilər. O dövlətdən də heç bir müavinət ala bilmir. İş stajı getmir. Hər hansı hadisə olanda, yaxud doğuma görə məzuniyyətə getdikdə heç bir müavinət ala bilmir.  Qocalığa görə pensiya almır. Heç bir halda sığorta stajı yoxdur. O dayədirsə, infeksion xəstəliyi, xəsarət ala bilər. Vergi ödənilmir bu halda. Maaşdan 22 faiz, həm də  3 faiz sosial sığorta fonduna vergi ödəməlidir». <%-1>

Müsahibimiz bu arada dayələrin də heç bir məsuliyyəti olmadığını söylədi. Onun sözlərinə görə, ailəyə sağlamlıq kağızı təqdim etməyən dayə infeksion və ya daha ağır xəstəliyin daşıyıcısı olaraq, uşağa da zərər yetirə bilər: «Əmək Məcəlləsinə dəyişiklik olanda da biz dedik ki, məsələyə kompleks yanaşmırlar. Ev işlərinə baxan insanlar çoxmilli ordudur. Bu qeyri-formal sektor sayılır. Formal sektora keçmək üçün dövlətin də, ictimaiyyətin də üzərinə məsuliyyət düşür». 

İslam Baxşəliyev: «Professional dayələr hazırlayıb ailələrə göndərmək istəyirdik, dövlət vəsait ayırmadı»

Dirçəliş Gənclərin Sosial- Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev məhz ailələrin dayə ehtiyacının ödənilməsi üçün 2 il öncə layihə hazırlayıb dövlət qurumlarına təqdim etdik. Müsahibimizin sözlərinə görə, həmin layihədə peşəkar dayələrin hazırlanıb ailələrə göndərilməsi nəzərdə tutulmuşdu: «Ən azından QHT sahəsində 50-60 nəfər işlə təmin olunmalı idi. 6 aylıq layihə idi. Dayələr kustar, özfəaliyyət kimi davranır. Halbuki onların müəyyən peşə təhsili olmalıdır. Təəssüflər olsun ki, layihə dəstəyini tapmadı. Gənc analar bu işdə təcrübəsizdirlər. Gənclər bu sahədə iş tapa bilərdilər. Cəmiyyət yox, dövlət qurumları tərəfindən vəsait ayrılmadı. Hərə bu problemi necə görürsə, elə fikirlər irəli sürürlər. O dayələri təlim keçib işə göndərmək istəyirdik. Bu 2 tərəf arasında müqaviləylə bağlı da olmalı idi».

Son söz: Biz gəzdik, axtardıq, danışdıq və araşdırdıq. «Dayə» olaraq da bəyənildik, «valideyn» olaraq da. Əlimizdə heç bir sənəd-sübut olmadan qapılar üzümüzə taybatay açıldı. Amma siz diqqətli olun. Nə uşağınızı hər adama etibar edin, nə də evinizi. Heç təsadüfi ailələrin dayəliyini də etməyin. Ehtiyat igidin yaraşığıdı…

musavat.com

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.