Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Allahın, bəşərin və sevginin qan düşməni -Araşdırma

 tərəfindən  18 April, 2010 tarixində və Ailəyə Özəl, Kişilərə Özəl, Qadınlara Özəl, SAĞLAMLIQ, SİZƏ ÖZƏL, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Millət vəkili: “Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək”

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə ölkədə 25 mindən artıq abort faktı (hamiləliyin süni surətdə pozulması) qeydə alınıb. Ginekoloqlar isə əslində bu rəqəmin daha çox olduğunu, abortların əksəriyyətinin qeydiyyata alınmadığını deyirlər.

Qanuna görə, hələ 12 həftəsi tamam olmadan hər bir qadın hamiləliyini poza bilər. Ancaq bunun üçün əsaslı səbəblər olmalıdır. Məsələn, uşağın inkişafdan qaldığı, döldə çatışmazlıq olduğu halda aborta icazə verilir. Təəssüf ki, çox vaxt qadınlar ya ümumiyyətlə övlad istəmədikləri, ya da döl qız olduğu üçün aborta üstünlük verirlər. Ona görə də abort mübahisə mövzusu olaraq qalır.  Lent.az-ın apardığı araşdırmanı Evlenirik.Biz Sizə təqdim edir.

Ümumiyyətlə, abortun qadın sağlamlığına hansı zərərlərinin olması ilə bağlı Qadın Krizis Mərkəzinin məsləhətçisi, Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Təranə Həsənovaya müraciət etdik.

“Bizim qadınlar aborta gəlməyi yaxşı bacarır. Əvvəl də belə olub, indi də belədir. Sadəcə olaraq, çatışmayan bir cəhət var. Qadın dərk etmir ki, 3 aydan bir aborta gəlməkdənsə hamilə qalmamaq üçün lazım olan vasitələrdən istifadə etsin”, – deyə sözə başlayan həkim abortun qadın sağlamlığına vura biləcəyi zərərləri sadaladı. Belə ki, abort zamanı daha çox rast gəlinən hallar uşaqlığın yığılmaması nəticəsində qanaxmaların baş verməsidir. Bunun nəticəsində ağır fəsadlar baş verir. Çox qan itirmə nəticəsində digər orqanlarda da qansızlıq yaranır ki, bu da uzun müddətli müalicə tələb edir: “Orqanizm hədsiz dərəcədə zəifləyir. Orqanizm zəiflədiyinə və uşaqlıq boynu açıq olduğuna görə, isə infeksiyaya yoluxma və iltihabi proses baş verir. Bu, çox rast gəlinən haldır. Bəzən də elə olur ki, abort zamanı həkim uşaqlığı deşir. Əgər həkim bunu gec başa düşübsə, əməliyyatla uşaqlıq çıxarıla bilir. Bundan başqa qadınlarda intim problemlər yaranır. Abortdan sonra friqirizm (cinsi həvəsin olmaması və onun itməsi) halına da rast gəlmişəm. Yəni, qadınlarda cinsi həvəs tamamilə itir, yoldaşına qarşı soyuqluq yaranır. Nəticədə ailədə də problemlər meydana çıxır”.

Təranə Həsənova bəzən abortlardan sonra xroniki formada iltihabi prosesin də baş verdiyini deyir. Bundan əzab çəkən qadınların sayı çox olur. Müalicəsi də çətinliklə həyata keçir, səbir və vaxt tələb edir: “Ümumiyyətlə, buna barmaqarası yanaşmaq düzgün deyil. Həkimlər, adətən abortdan sonra qadına müalicə yazırlar. Amma qadın 1-2 gün bu müalicəni edir, özünü gümrah hiss edən kimisə dərmanlar yaddan çıxır. Bir də onda görür ki, bir neçə gündən sonra vəziyyəti pisləşib. Nəticə də belə olur, iltihabi proses xroniki formaya keçir. Abortlardan sonra sinir sistemində dəyişikliklərə də çox rast gəlinir. Qadının sinir sistemi həddən çox oyanıq vəziyyətə çatır, əsəbi olur, hətta bir neçə müddət ildə 2 dəfə olmaq şərtilə nevrologiya şöbəsində müalicə almaq dərəcəsinə çatırlar. Onu da deyim ki, rayonda humanitar təşkilatda işləyən vaxt bir şey müşahidə etdim.

Orda sözün həqiqi mənasında kriminal abortlar baş verir. Rayon yerlərində qadınlar abort üçün həkimə getmirlər. Ali tibbi təhsili olmayan, haçansa “sanitarka” işləyən adamlar bu işlə məşğul olur. Onlar sistem şlankını daxilə salıb dölü yerindən tərpədərək qıcıqlanma yaradırlar, nəticədə döl özü gəlib düşür. Bu, qadınlara daha asan yol kimi göründüyünə görə buna meyl edirlər. Onun nəticəsində ölüm halına qədər gedib çatmasa da, qadınlarda uzun müddət septiki vəziyyət davam edir. Bu, iltihabi prosesin elə bir növüdür ki, tək kiçik çanaq deyil, böyük çanaq digər orqanlarda iltihabi proses tamam geniş şəkildə yayılmış olur. Bu hallara rayonlarda çox rast gəlmişəm”.

Mama-ginekoloq medikamentoz (xüsusi həblər vasitəsilə) abort mövzusuna da toxundu: “Bu, dünyanın hər yerində yayılan, tibbi ədəbiyyatda yazılan və qəbul olunan bir vasitədir. Həmin xüsusi həblər vasitəsilə döl yumurtası bayıra atılır. Abortlar hamının orqanizminə eyni cür təsir etmədiyi kimi, medikamentoz abort da eləcə təsirini göstərir. Bu, hamıda normal şəkildə baş vermir. Bəzən yarımçıq uşaq salma, bir-iki ay az miqdarda qanaxmalar da ola bilər. Hətta kəskin şəkildə qanaxmaların olması mümkündür. Yaxşı olar ki, bu, həkimin nəzarəti altında həyata keçirilsin. Əgər yarımçıq abort baş verərsə, bu zaman həkim uşaqlıq boşluğunu qaşımaqla onu azad edir. Əgər həkim nəzarəti olmadan özbaşına edilirsə, uşaqlıq boşluğunda baş verən bütün proseslər nəzarətsiz qalır. Nəticədə qanaxma da ola bilər, iltihabi proseslər də”.

Sonda həkim onu da qeyd etdi ki, abortların səbəbləri sırasında ilk yeri uşağın qız olması tutur: “Bu, əvvəllər də olub, indi də var, bundan sonra da olacaq. Qadınlardan soruşanda qorunma vasitəsindən niyə istifadə etmirlər, deyirlər, «onlar bizdə xərçəng yaradar. Elə ən yaxşı vasitə budur». Bunu çoxundan eşitmişəm. Ona görə də lap abortlara qadağa qoyulsa da, bunu gizli şəkildə edəcəklər, kriminal abortlar daha geniş şəkildə artacaq”.

Psixoloq Azad İsazadənin sözlərinə görə isə adətən, abortlardan sonra qadınlar fiziki, hormonal sarsıntılar keçirir. Lakin hər abortu psixoloji yöndən mənfi qiymətləndirmək düzgün deyil. Belə ki, əgər qadın özü bu qərarı qəbul edibsə, bundan başqa bir çıxış yolu olmadığını dərk edibsə, o zaman elə də böyük sarsıntı keçirmir. Amma bəzən bu qərar qadının özündən asılı olmadan, öz istəyindən kənar baş verir: “Məsələn, əgər qadın ailəli olmadan hamilə qalıbsa, ya da ailədə uşaqların hamısı qızdırsa, USM-in nəticəsinə görə bu da qızdırsa, ailəsi qadını istəmədiyi halda aborta məcbur edir. Yəni qadın hansısa təzyiq altında abort qərarı qəbul edirsə, bu artıq psixoloji zərbədir. “Məni cəmiyyət məcbur edir bu addımı atım” fikri beynindən keçirsə, onda qadın özünü aciz, günahkar hiss edir, oğlunu, ya da qızını öldürdüyünü düşünür. Bu halda qadın depressiyaya da düşə bilər”.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, qanunvericiliyə görə, 12 həftə tamam olmadan hər qadın hamiləliyini poza bilər. Hamiləliyin 24-30 həftəsinə qədər isə yalnız ana həyatının təhlükədə olması ilə bağlı tibbi göstəriş varsa, abort etmək olar: “Ümumiyyətlə, son vaxtlar ultrasəs müayinələri çox geniş yayılıb. Azərbaycan ailəsində isə USM vasitəsilə ilk növbədə uşağın cinsini yoxladırlar. Qız olduğunu biləndə isə böyük əksəriyyəti abort etdirir. Ona görə də mən çıxışlarımın birində təklif etdim ki, uşağın cinsinə görə müayinə, abort etmək qadağan olunsun”.

Millət vəkili bu təklifini iki versiya ilə əsaslandırır. İlk növbədə bunu tiblə əsaslandırır: “USM müayinəsi uşağın cinsini yalnız 13-cü həftəsində dəqiq bildirir. O vaxta qədər heç bir USM həkimi bunu dəqiq deyə bilməz. Deməli, indiyə qədər edilən abortların çox səhv məlumat əsasında həyata keçirilib. Bəlkə də çox qadın qız sandığı oğlan uşağını hələ doğulmadan öldürüb. Məsələnin ikinci tərəfi isə demoqrafik tarazlıqla bağlıdır. Doğulan uşaqların 51 faizi oğlan, 49 faizi qız olur. Amma oğlan uşaqlarının müqaviməti az olduğuna görə qızlarla müqayisədə ilk 5 yaşda tələf olurlar. Ona görə də o yaşdan sonra qız və oğlan uşaqlarının nisbəti bərabərləşir. Son vaxtlar isə Azərbaycanda abortlar məhz uşaq qız olduğuna görə edilir. Bununla demoqrafik tarazlıq pozula bilər və təxminən bir nəsildən sonra Azərbaycanda yaşayan oğlanların evlənmək üçün qız seçmək imkanı olmayacaq. Bu, şəriət qaydalarına, insanlığa, mənəviyyata da ziddir. Əgər ailəni planlaşdırmaq istəyirsənsə, bunun ayrı yolları var”.

Musa Quliyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin müvafiq idarələri bu məsələ üzərində düşünür. Lakin bu təklifin tezliklə qəbul olunacağı real deyil: “Bu, uzun müddət müzakirə olunası bir məsələdir. 125 millət vəkilinin qərar verəcəyi iş deyil. Ümumi ictimai rəy öyrənilməlidir. Yəqin bu müzakirələr 1 ilə qədər çəkər”.

Təzə Pir məscidinin axundu Hacı Faiz dində aborta olan münasibət barədə danışdı: “Ümumiyyətlə, heç kimin ixtiyarı yoxdur kimisə öldürsün. Adam öldürmək özü böyük günah sayılır, abort da onun bir qismidir. Quranda belə bir ayə var ki, siz övladlarınızı kasıbçılıq, ruzi ucbatından öldürməyin. Tanrı açıq şəkildə buyurur ki, aclıq qorxusundan uşaqlarınızı öldürməyin. Çünki o vaxt cahiliyyə dövründə belə bir adət vardı ki, doğulan qız uşaqlarını diri-diri basdırardılar. Quranda 30-cu ayədə də bildirilir ki, qiyamət günündə diri-diri basdırılmış qızlar buna görə Allah dərgahında sual edəcəklər. Bu hallarla bağlı çoxlu hekayələr də var“.

O ki qaldı bununla bağlı hansısa fətvanın verilməsinə, Hacı Faiz buna ehtiyac olmadığını vurğuladı: “Bu, Allahın, Quranın hökmüdür. Dində qadağan olmuş bir işdir. Burda heç bir fətvaya ehtiyac yoxdur. Hər kəs özü etdiyi hərəkətin məsuliyyətini dərk etməlidir”.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.