Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Alim Qasımov: Muğam mənəvi qidadır! – Müsahibə

 tərəfindən  29 May, 2009 tarixində və MUSİQİ, Şou-Biznes bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Alim Qasımov   
O, xalqların qəlbində, ruhunda yaranıb.

Alim Qasımov 1957-ci ildə anadan olub. 1978-1982-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində, 1982-1989-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1988-ci ildə beynəlxalq Səmərqənd festivalının birinci mükafatını qazanıb. Həmin ildən başlayaraq muğam sənətini dünyada təmsil etməyə başlayıb. Yaradıcı bioqrafiyası ABŞ, Fransa, Almaniya, İsveçrə, Hollandiya, İran və s. ölkələrdə qatıldığı festivallar, verdiyi konsertlərlə zəngindir. 1999-cu il noyabrın 19-da Almaniyanın Aaxen şəhərində A.Qasımov YUNESKO-nun beynəlxalq musiqi mükafatı ilə təltif edilib. 1999-cu ildə Avropada çox məşhur olan “Dərin okean məhəbbəti” diskinin və A.Qasımov haqqında YUNESKO-nun çəkdiyi sənədli filmin təqdimatı baş tutub.

1993-cü ildə Azərbaycanın Xalq artisti adına layiq görülüb. Həmin il Parisdə, 1994-cü ildə Hyustonda A.Qasımov musiqi medalı ilə təltif edilib. 1989-2001-ci illər ərzində Avropada A.Qasımovun 10-dan artıq diski çıxıb. 2001-ci ildə beynəlxalq Səmərqənd festivalının birinci mükafatını alıb. Ağaxan fondu ilə əməkdaşlıq çərçivəsində A.Qasımovla bağlı daha bir sənədli film və yeni diskin ABŞ-da təqdimatı keçirilib.

Hazırda məşhur violançelist Yoyo Manın təşkil etdiyi və dünyanın ən məşhur konsert salonlarını dolaşan “Böyük İpək yolu” layihəsinin iştirakçısı və dünya musiqiçilərindən təşkil olunmuş “İpək yolu” ansamblının üzvüdür.

1989-cu ildən Azərbaycan Dövlət Opera teatrının solistidir. Opera səhnəsində Məcnun, Aşıq Qərib kimi rolları ifa edib. H.Əliyev adına Sarayda və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında onlarla konsert verib. 1999-cu ildə o, Beynəlxalq İMĞ YUNESKO Musiqi Mükafatını almışdır. Asəf Zeynallı adına musiqi məktəbinin müəllimidir. Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və ABŞ kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında böyük bir rol oynayıb.

– Alim müəllim, aprel ayının sonunda Londona səfər etmişdiniz, təəssüratları bölüşə bilərsinizmi?
– Bildiyiniz kimi, Londonda “Kronos” adlı kvartet fəaliyyət göstərir. Onları şərq musiqisini sintez edən, klassik musiqini sındıran, avanqard musiqinin ifaçıları kimi tanıyırlar. Bu qrup hətta Firəngiz Əlizadənin mahnısını da ifa edib. Biz də onlarla bir neçə xalq mahnısı işlədik, lentə yazdırdıq.

– 2009-cu il sizin üçün hansı nailiyyətlərlə başlayıb?
– İnanırsınız, ömrümdən keçən hər gün yaddaqalandır və mənim üçün əzizdir. Hal-hazırda “Leyli və Məcnun” operası üzərində işləyirik. Mən Məcnun rolunu, Fərqanə xanım isə Leylini oynayacaq. Heç bir hərəkət olmayacaq, biz yerdə əyləşib ifa edəcəyik, çünki bacardığımız qədər əsəri qısaltmışıq. Operanın ən gözəl, məzmunlu yerlərini birləşdirib 40-45 dəqiqəlik ifa nümayiş edəcəyik. Maraqlısı odur ki, məni Türkiyə və İspaniyaya dəvət ediblər və məni onların musiçiqiçiləri müşayiət edəcək. İspaniyada vokal üzrə festival keçiriləcək və mən qızım Fərqanə xanımla həmin festivalda iştirak edəcəm. Fransada isə 10-a yaxın konsert verməliyik. Orada Şəhram Naziri adlı fars xanəndəsi ilə birgə səhnəyə çıxacayıq.

– Kanadada həzırlanan saytınızın aqibəti necə oldu?
– Mənim bu yönlü işlərimlə bir dostum məşğul olur. Mənə lazım olanda rəsmi saytım yox idi, indi o qədər də lazım deyil, ona görə də bu xəbəri o qədər də şişirtmək istəmirəm. Sayt daha çox tanınmamış insanlara lazımdır. Simi dartmalısan ki, o hər zaman köklənmiş vəziyyətdə olsun, bu çox çətindir, amma çalışıram ki, bunun öhdəsindən gəlim. Biz xanəndələrin idmançılardan, demək olar ki, fərqimiz yoxdur. Biz daim məşq etməli, öz üzərimizdə çalışmalıyıq.

– Məcnun rolunu yenidən ifa etsəydiniz, bugünkü xanım xanəndələrimizdən kimi Leyli obrazında görmək istərdiniz?
– Mən Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva kimi Leylilərlə bir səhnəni bölüşmüşəm. Onlar sözün əsl mənasında sözlərini demiş sənətkarlardır. Amma yeni bir formada, quruluşda, səsimiz və yaşımız uyğun gələn xanım xanəndələrimizlə yenidən bu tamaşanı oynamağa hazıram, yaxşı Leyli ilə, əlbəttə ki…

– Bu gün səhnəmizdə yaxşı Leylilər varmı?
– Özlərinə məxsus Leylilərimiz var. Sözsüz ki, qismət olsa, onlardan biri ilə “Leyli və Məcnun” operasını oynayarıq. Amma ad çəkməklə aram yoxdur.

– Hansı muğam sizə daha çox doğmadır və hansı muğam sizin təleyinizdə böyük rol oynayıb?
– Mən səhnədə ilk addımlarımı “Simayi-Şəms” və “Çahargah” muğamları ilə atdım. İlk dəfə böyük tarzənimiz Hacı Məmmədovla efirə çıxıb “Çahargah” muğamını ifa etmişdim. “Çahargah”da Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi böyük ustadların nəfəsi var.

– Hansı ölkəni muğamın vətəni hesab etmək olar?
– Muğamın vətəni yoxdur. Muğam xalqların qəlbində, ruhunda yaranıb. Bizim ölkədə muğamın sürətli və özünəməxsus inkişafı gedir. Muğam mənəvi qidadır.

– Sizcə, yaxşı xanəndə olmaqda müəllimin rolu nə dərəcədədir?
– Birincisi, istedad olmalıdır, ikincisi, səsi olan kəs öz üzərində çalışmalıdır, üçüncüsü isə, müəllim şagirdi düzgün istiqamətləndirməlidir. Əlbəttə ki, yaxşı xanəndə olmaqda müəllimin böyük rolu var. Mənim ustadım Ağaxan Abdullayev olub. Ondan götürə biləcəyimi götürmüşəm, sonra başqa ustadlardan öyrənmişəm.

– Hər övlada atası ilə səhnəni bölüşmək nəsib olmur. Qızınız Fərqanə bu sənəti özü seçdi, yoxsa onu daha çox siz istiqamətləndirdiniz?
– Uşaqlıqdan Fərqanənin muğama böyük həvəsi var idi, mən də buna qarşı çıxmadım, əksinə, ona bu seçimdə dayaq oldum. Əlbəttə ki, əvvəl onunla söhbət edib izah etdim ki, bu çox böyük və ağır sənətdir, hətta bir zülmdür. Axı sən gələcəkdə ailə də quracaqsan demişdim. Əlbəttə ki, onun razılığı olmasaydı, mən onu buna məcbur edə bilməzdim.

– 6 nəvəniz var, aralarında artıq bu sənətə can atanı varmı?
– Hərəsi üçün bir nağara almışam, ritmi tutub “çalırlar”. Onu deyə bilərəm ki, məcburiyyət olmayacaq. Hansı ağlaya-ağlaya gəlib deyəcək ki, oxumaq istəyirəm, onu da dəstəkləyəcəm.

– Artıq bir neçə il ardıcıl olaraq ölkəmizdə muğam müsabiqələri, festivalları keçirilir. İştirakçıların arasında layiqli nümayəndələri, gələcəyin parlaq xanəndələrini görürsünüzmü?
– Layiqli olmağına hamısı layiqdir amma meydanda ustad kimi istər Azərbaycanda, istər başqa ölkələrdə çərçivəni həm səsi, həm sənəti, həm qeyri-adiliyi ilə keçəni hələ… İnşallah, gözləyirik.

– Muğam müsabiqəsi 2007-nin qalibi 8 yaşlı Elməddin İbrahimovun belə tez böyük səhnəyə atılması, gələcəkdə onun səsi üçün problem yarada bilərmi?
– Elməddin balanı yaxşı tanıyıram. İnşallah, belə bir problem yaranmaz. Gərək o, səsini zorlamasın. İndi onun daha çox öyrənən vaxtıdır. O hələ uşaqdır, ona görə də, nə oxusa, millət üçün xoş olacaq, amma gərək buna arxalanmasın.

– Bəs sizin tələbələriniz bu cür müsabiqələrdə iştirak edirmi?
– Mənim payıma hələ ki bir səsli tələbə düşməyib. Düzdür, bu müsabiqənin iştirakçılarının bəziləri mənim boğazlarımı edir, halal xoşları olsun.

– Deyilənə görə, sizi münsiflər heyətinə də dəvət ediblər. Nəyə görə qəbul etmədiniz?
– Bildiyiniz kimi, tez-tez qastrollarda oluram, həm də istəmərəm ki, münsiflər heyətində oturub kimisə seçim. Bu çox ağır işdir.

– Hansı xarici ölkədə muğamımızı daha coşğulu qarşılayıb bu musiqiyə heyran olublar?
– Birincisi, muğam konsertinə gələn əcnəbi bir insan folklor həvəskarı, azarkeşidirsə, o çox böyük həvəslə konsertə gəlib musiqimizi dinləyəcək və alqışlayacaq. Demək olar ki, dünyanın hər bir yerində konsertimizə gələnlərin göz yaşlarının şahidi olmuşam. Amma tamaşaçı məclis xatirinə gəlirsə, əlbəttə ki, o istilik yaranmır.

– Bir dəfə də olsa eşitməmişəm ki, xanəndələr arasında qalmaqal düşsün. Bu sənətinizin ciddiliyindən irəli gəlir, yoxsa…
– Əlbəttə ki, bizim aramızda yüngülvari söz-söhbətlər olur, amma nəzər yetirsəniz, şou aləminə gələnlərin əksəriyyəti gənclər, bizim sənətimizdə isə əsasən ağsaqqallardır. Bu isə hər zaman pərdənin saxlanmasına kömək edir. 

AYNA qəzeti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.